Gənclər üçün Təhsil Mərkəzi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək” layihə çərçivəsində Gəncə şəhərində möhtəşəm festival keçirib.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, mayın 1-də təşkil olunan festivalda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək veriblər.
Gəncə şəhər İcra Hakimiyyətinin də dəstəklədiyi festivalda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilmiş, gənclər arasında viktorinalar keçirilib.
Çıxış edən qonaqlar festivalın əhəmiyyətini vurğulayaraq, idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasətin bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələndiyini bildiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar veriləndə dövlətimiz öz üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verib. Bütün bunlar əsas verir ki, Azərbaycan belə möhtəşəm tədbirlərə ev sahibliyi edirsə, onun gəncləri də səfərbər olaraq, dövlətin yanında olmalı və hərtərəfli dəstəyini əsirgəməməlidir. Buna görə də, Gənclər üçün Təhsil Mərkəzi daha çox region gəncinin iştirakı ilə ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına dəstək nümayiş etdirir və bütün diqqəti bu nüfuzlu tədbirə yönəldir.
Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də Festivala qoşularaq, dəstəklərini əsirgəməyiblər.
Festivalın sonunda iştirakçılara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
BƏXTİYAR