Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycan nümayəndə heyətinin tərkibində Avropa Şurası və Avropa Birliyi tərəfindən Belçikanın Brüssel şəhərində təşkil olunan “Avropa Gənclər işi Konvesiyası 2015” beynəlxalq tədbirində iştirak edib.
Azərbaycan nümayəndə heyətinin tərkibində ARGTMŞ-ın sədri ilə yanaşı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Gələcəyə Körpü” İctimai Birliyinin sədri Seymur Vəliyev və BMT-nin İnkişaf Proqramının əməkdaşı Azər Abasəliyev də yer alıblar.
“Avropa Gənclər işi Konvensiyası 2015” adlı beynəlxalq tədbir 2010-2015-ci illərdə Gənclər sahəsində tədbirlər və gənclər siyasətinin dəyərləndirilməsi, gənclərin yerli, milli və Avropa səviyəsində üzləşdiyi çətinliklər, onların fəaliyyətinin genişləndirilməsi üçün ümumi platformanın yaradılması məqsədilə həyata keçirilib.
Tədbir zamanı BMT baş katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman və Avropanın gənclər siyasəti sahəsində digər təcrübəli simalarının nitqləri dinlənilib. Çıxışlar zamanı 2014-cü ilin payızında Bakıda təşkil olunmuş “Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forum” da xatırlanıb və Forumun Qlobal səviyyədə gənclər siyasətinin həyata keçirilməsində vacibliyi qeyd olunub.
İLHAMƏ