Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edib.
Bölgələrdə də müəllimlərin əməkhaqqı artacaq
Son bir ildə təhsil sahəsindəki yeniliklərdən danışıb. Müəllim hazırlığı işinin təkmilləşdirilməsi, müəllimin karyera inkişafı və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, əməkhaqqının artırılması ilə bağlı son 1 ildə görülən tədbirlərdən danışan nazir deyib ki, ötən il Bakıda çalışan 32 min müəllimin biliyi diaqnostik qiymətləndirmədən keçirilib, prezidentin sərəncamı ilə həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Bu qərarla müəllimlərin əmək haqqı orta aylıq əmək haqqına yaxınlaşıb. Bu tədbirin ölkənin bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı hökumətə müvafiq təkliflər təqdim olunub”.
Nazir əlavə edib ki, mərkəzləşmiş qaydada keçirilən müsabiqə nəticəsində ötən il 1692 nəfər müəllim işə qəbul edilib ki, onların da 1405 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. Onun sözlərinə görə, vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40% yüksəlib.
Mikayıl Cabbarov bu tədris ilində məktəb direktoru və direktor arzusunda olan kadrlar üçün təlim kurslarından da danışıb. Deyib ki, yeni tədris ilində belə kursdan keçmiş direktorların yeni təyinatı gözlənilir. Müəllimlərin etik davranış qaydalarının təsdiq edilməsini də vurğulayan nazir bu qaydalara uyğun yeni müəllimliyə başlayanların müəllim andı içdiyini bildirib.
Müəllim vakansiyalarını gizlədən direktor cəzalanacaq
Mikayıl Cabbarov onu da qeyd edib ki, müəllimliklə bağlı boş iş yerlərinin gizlədilməsi haqqında nazirliyə məlumat daxil olub. “Təhsil Nazirliynin mütəmadi apardığı monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrində bəzi müəllim vakansiyalarının gizlədilməsi halları ilə rastlaşırıq. Bu məqamlar bizi çox narahat edir". Onun sözlərinə görə, bu hallar barədə ictimaiyyətə və aidiyyəti dövlət orqanlarına daim məlumatlar çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək.
Yuxarı siniflərdə təmayülləşmə aparılacaq
Mikayıl Cabbarov Azərbaycanın orta məktəblərində yuxarı siniflərdə təmayülləşmənin tətbiqindən də danışıb.
Sentyabr ayından bu islahat onlarla məktəbi əhatə edəcək. Hazırda yeniliyin tətbiqi üçün hazırlıq işləri aparılır.
Sentyabr ayından Bakının iki məktəbində inkluziv təhsilin tətbiqinə də başlanacağını deyən nazir hazırda on minlərlə fiziki qüsurlara malik olan övladlarımızın təhsil sistemindən kənarda qaldığını vurğulayıb: “Bu dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq, Azərbaycanın hər bir vətəndaşının konstitusion hüququ olan təhsil hüququn təmin edilməsi üçün atılan bir addımdır".
NİGAR