6 May 2015 20:18
593

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, bütün türk dünyasının iftixarı, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, onun müstəqil dövlət quruculuğu, ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunması yönündə misilsiz xidmətlərinin Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb.

Nazir bildirib ki, hələ 1969-82-ci illərdə Azərbaycanın bütün sahələrdə tənəzzüldən tərəqqiyə doğru dönüşünü təmin edən Ulu öndərimiz sonralar müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi kimi olduqca çətin və şərəfli tarixi vəzifəni də yüksək səviyyədə həyata keçirib: “Ümummilli liderimizin dövlətçilik konsepsiyasında əhalinin sosial təminatı dövlətin ali məqsədlərindən biri kimi müəyyən edilir. Məhz buna görədir ki, 1995-2003-cü illərdə ölkədə davamlı xarakter alan iqtisadi inkişaf orta aylıq real əməkhaqqının 5,1 dəfə, orta aylıq nominal əməkhaqqının 6 dəfədən çox artması ilə müşahidə edilib. Həmçinin Ulu öndərin imzaladığı fərman və sərəncamlar pensiya və müavinətlərin orta aylıq məbləğinin həmin dövrdə 8 dəfə artmasına, əhalinin sosial təminatının xeyli güclənməsinə səbəb olub. 1990-cı illərin ortalarında aparılan uğurlu aqrar islahatlar əmək bazarında ciddi müsbət dönüşə səbəb olmaqla, iqtisadi fəal əhalinin böyük hissəsini təşkil edən kənd əhalisinin məşğulluğuna şərait yaradıb”.

S.Müslümov Ulu öndərin diqqət və qayğısı sayəsində həmin dövrdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatına başlandığını da qeyd edib: “MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin və Demoqrafik İnkişaf Konsepsiyasının, 2001-ci ildə “Məşğulluq haqqında” Qanunun, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramının qəbul olunması və s. kimi mühüm addımların atılması da Ulu öndərin adı ilə bağlıdır”.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial dövlət modelinin analoji inkişaf yolunu seçmiş ölkələr üçün bir örnək olduğunu vurğulayan nazir bildirib ki, Ulu öndərin müəllifi olduğu müasir Azərbaycanın uzunmüddətli inkişaf strategiyası 2003-cü ildən Prezident cənab İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilir: “Son on ildə ümumi daxili məhsulun dünyada rekord səviyyədə, yəni 3,4 dəfə, ÜDM-in adambaşına düşən həcminin 8,4 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə çoxaldığı, ümummilli gəlir təsnifatına görə artıq “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksələn Azərbaycanda bu dövrdə sosial müdafiə və sosial təminat xərcləri 8 dəfə artıb. Ölkədə 2005-ci ildən tətbiq olunan yaşayış minimumunun adambaşına gəlirlərə nisbəti həmin il 65 faiz olduğu halda, 2013-cü ildə 34 faizə enib ki, bu da əhalinin gəlirlərinin və həyat səviyyəsinin artımını göstərir. Eyni zamanda son on ildə ölkədə yoxsulluq 10 dəfə azalaraq, ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə, işsizlik isə Avropa Birliyindəki 10 faizlik müvafiq göstərici ilə müqayisədə 2 dəfədən də çox aşağı, yəni 4,9 faizə enib”. S.Müslümov hazırda ölkəmizdə bütün sahələrdə sosial proqramların uğurla davam etdirilməsindən söz açıb: “Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin sosial sahə ilə bağlı ideyalarının uğurla reallaşdığını göstərir və qarşıdakı dövrdə bizi bu sahədə daha böyük nailiyyətlər gözləyir”.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçiliyin qurulması və ölkəmizin hərtərəfli inkişafı, milli mənəvi dəyərlərimizin qorunması, xalqımızın böyük perspektivlərə səfərbər olunması sahəsində tarixi xidmətlərindən söz açıb. T.Əhmədov Ulu öndərimizin müdrik siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin qısa müddətdə Azərbaycanı regionun qüdrətli ölkəsinə, dünya birliyinin ən fəal üzvlərindən birinə çevirdiyini konkret göstəricilər əsasında diqqətə çatdırıb.

Digər çıxış edənlər Heydər Əliyev siyasi irsindən bəhs edib, Ulu öndərin əbədiyaşar ideyalarının xalqımızı daim yeni və möhtəşəm uğurlara doğru apardığını vurğulayıblar. Tədbirin sonunda Azərbaycan opera sənəti ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Naibə QURBANOVA


Müəllif: