Birinci Avropa Oyunları ərəfəsində bəzi qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası ölkəmizin gündən-günə nüfuzunun artması ilə bağlıdır. Bu qərəzli mövqelər və aparılan çirkin kampaniya heç bir nəticə verməyəcək.
Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, artan siyasi nüfuzu və iqtisadi yüksəlişi dünyanın diqqət mərkəzindədir. Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ona göstərilən etimaddan xəbər verir.
Baş nazirin müavini vurğulayıb ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə Prezident İlham Əliyevin Azərbaycanda son 10-12 ildə gördüyü işləri həyata keçirə bilməyiblər və bilməyəcəklər. Görülən işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycana qarşı qısqanclıq, qərəzli mövqe də elə buradan yaranır. Bütün bunlara baxmayaraq Avropa Oyunları yüksək səviyyədə təşkil ediləcək. Dövlətimizin başçısı İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bunun üçün lazım olan bütün işləri görürlər.