Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Zaqatala şəhərində keçirilən bayram tədbirləri “Xilaskar əsgər” abidəsinin qarşısında başlayıb. Tədbir iştirakçıları abidə önünə gül-çiçək düzüb, igid həmyerlilərin xatirəsi qarşısında baş əyiblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar daha sonra rayon mədəniyyət evinin qarşısındakı istirahət parkında quraşdırılmış stendlərlə tanış olub, ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzərək xatirəsini ehtiramla yad ediblər.
“Qala düzü” şadlıq sarayında rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, həmçinin Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Marat Askenderov və digər qonaqların iştirakı ilə keçirilən bayram tədbirində faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs olunub. Diqqətə çatdırılıb ki, bu amansız müharibədə 600 mindən artıq azərbaycanlı iştirak edib, onların hər iki nəfərindən biri cəbhədə qəhrəmanlıqla həlak olub. Qısa müddətdə respublikamızda 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib.
Diqqətə çatdırılıb ki, müharibə illərində Azərbaqycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlar göstərib, neftçilərimiz ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları verib. Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında ən mühüm amillərdən biri olub. Vurğulanıb ki, tarixi Qələbənin əldə edilməsində Zaqatala rayonundan cəbhəyə yola düşmüş 6 mindən çox həmvətənimizin də özünəməxsus payı olub.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qələbə Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir, müharibə veteranlarına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Tədbirin sonunda hazırda rayonda yaşayan 8 nəfər Böyük Vətən müharibəsi veteranına yubiley medalları təqdim olunub, onlara rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.