Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələrini mayın 13-də saat 17:30-dan etibarən komissiyanın internet saytında yerləşdirib.
Teleqraf.com TQDK-ya istinadla xəbər verir ki, qəbul olunanların siyahısı mayın 14-də “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri ölkədəki ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3286 nəfəri ali təhsil müəssisələrinin builki, 1731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2073 nəfərini oğlanlar, 2944 nəfərini isə qızlar təşkil edir.
Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2015-ci il iyun ayının 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. TQDK xəbərdarlıq edir ki, qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
SEVİL