2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə tələbə qəbulu elan edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Teleqraf.com-a bildiriblər ki, müsabiqədə 2015-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göndəriləcək.
Türkiyənin Azərbaycan Respublikasındakı Səfirliyinin Silahlı Qüvvələr Attaşeliyində keçiriləcək imtahanın nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə edən 1 nəfər namizəd Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək. Təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar.
Akademiyanı müvəffəqiyyətlə bitirən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.
Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildiyi gündən sonra bir həftə müddətində TQDK-ya (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.