Əməkdar artist, qiraətçi Ağalar Bayramov şair İlham Qəhrəmanın şeirlərini öz adına çıxır. Bu faktla bağlı Teleqraf.com-a şairin özü məlumat verib.
İlham Qəhrəman bildirib ki, mayın 17-də ATV-də efirə gedən “Mənə bir az ondan danış” verilişində aktyor Ağalar Bayramov “Kim ölə, kim qala” şeirini Telli Borçalının şəninə öz adından deyib: “Bu haqda Feysbuk-da status yazdım, Ağalar Bayramov xahiş elədi, statusu sildim. Sonra baxdım ki, veriliş youtube.com-a qoyulub. Verilişin 49-cu dəqiqəsində mənim şeirimi Ağalar Bayarmov öz şeiri kimi ifa edir”.
İlham Qəhrəman deyib ki, bu, ilk fakt deyil. Ağalar Bayramov bir neçə dəfə efirdə onun şeirlərinin möhürbəndində öz adını çəkib. Hətta buraxdırdığı diskdə də belə bir ifası var: “Mən sadəcə müəllif hüququma hörmətlə yanaşılmasını istəyirəm”.
İlham Qəhrəman 1959-cu ildə Laçın rayonun Sus kəndində anadan olub. Bir neçə şeir kitabının müəllifidir. Laçın folklorunu toplayaraq nəşr edib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ağalar Bayramov 1954-cü ildə Ucar rayonunda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildən universitetin səhnə danışığı kafedrasının dosentidir. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində bədii qiraətci-aktyor kimi çalışır.