20 May 2015 15:26
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) VII "Məzun-2015" yarmarkası keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru İbrahim Cəfərov bildirib ki, Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə cari ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar builki məzun yarmarkasına daha çox müəssisə dəvət olunub və əvvəlki illərə nisbətən məzunların bu tədbirə daha böyük maraq göstərməsi müşahidə olunub.

Tədbirdə iştirak edən bir sıra sahibkarlar, məzunlar da çıxış edərək tədbirin təşkilinin əhəmiyyətindən danışıblar.

ADAU-nun tərkibində yaradılmış təcrübə və işədüzəltmə şöbəsinin müdiri Hümbət Camalovun qəzetimizə verdiyi məlumata görə, yarmarkada ölkənin tanınmış şirkətlərinin, bank və sığorta təşkilatlarının, rayon icra strukturlarının, məşğulluq idarələrinin və digər müəssisələrin nümayəndələri iştirak ediblər: "160-dan çox müəssisə, təşkilat, şirkət, idarə və fermer təsərrüfatları yarmarkaya qatılıb. Ölkənin müxtəlif yerlərindən aqrar sahə profilinə uyğun tanınmış müəssisələr - Bakıdan "Səba", Biləsuvardan "Qarabağ" taxılçılıq şirkətləri bu sərgiyə qatıldı. Demək olar ki, bütün regionlardan kənd təsərrüfatı üzrə ixtisaslaşmış idarə və təşkilatlar yarmarkaya nümayəndə göndərdi. Məzunlara 1200-ə yaxın vakant iş yerləri təklif olundu".

Şöbə müdiri dedi ki, yarmarkada kənd təsərrüfatı üzrə ixtisaslaşmış qurumlar məzunlarla müsahibələr apararaq onların müvafiq sahə üzrə bilik səviyyəsi haqqında məlumatlar aldıqdan sonra vakant yerlər təklif edib: "Tədbirə gələnlərin 938 nəfəri cari ilin məzunları, yerdə qalanlar isə əvvəlki ilin məzunları idi. Universitetimizi yüksək nəticə ilə bitirən məzunlarla qabaqcıl şirkətlərin bir neçəsi maraqlandı. Hazırkı statistikaya görə, 420 məzunun adı iş üçün qeydiyyata alınıb".

Hümbət Camalovun sözlərinə görə, yarmarkada həmçinin ADAU-da istehsal olunan məhsulların satışı da təşkil olunub. Belə ki, universitetin nəzdində fəaliyyət göstərən Quşçuluq Tədris Mərkəzində istehsal olunmuş məhsullar, taxıl və paxlalı bitkilər laboratoriyasının yeni taxıl sortları yarmarka iştirakçılarına güzəştli qiymətlərlə təklif olunub: "Bundan başqa, Aqrar Universitetdə son illərdə nəşr olunmuş kitablar, tövsiyələr, metodiki göstərişlər də yarmarkada nümayiş etdirilib və tədbir iştirakçılarının böyük marağına səbəb olub".

Qeyd edək ki, ADAU-da 2008-ci ildən başlayaraq təcrübə və işədüzəltmə şöbəsi fəaliyyətə başlayıb. Şöbənin fəaliyyət istiqamətləri bakalavrların və magistrlərin tədris, istehsalat, diplomqabağı, elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə nəzarət, universitetdə təhsil alan və məzun olmuş gənclərin məşğulluq problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi və iş yerləri ilə təminatda yardım göstərməyə nail olmaqdır.

Hümbət Camalovun sözlərinə görə, məzunlar üçün yarmarkaların təşkili universitetdə ilkin olaraq pilot layihə əsasında həyata keçirilib.

Layihənin icrası uğurlu alındığına görə o vaxtdan başlayaraq universitet öz məzunlarının iş problemini həll etməyə çalışır: "Çalışırıq ki, işsiz məzunumuz qalmasın. Ona görə də biz mütəmadi olaraq rayonlarda, yerlərdə, icra strukturlarında oluruq, onlarda olan vakant yerlərin siyahısını alırıq. Hər il mayın sonu, iyunun əvvəllərində dövlət səviyyəli məzun yarmarkaları keçiririk. Bu yarmarkalara məzunlarımızın işləyəcəyi şirkətlərin, idarələrin rəsmiləri gəlir və tələbələrimizi onlarla görüşdürürük. Bu yarmarkalarda həmçinin fermerlərimizin istehsal etdiyi məhsulların satışını da təşkil edirik ki, fermerlər üçün də stimulverici tədbirlər olsun. Bundan əlavə il ərzində hansı rayonda, hansı şirkətdə nə qədər yer var, biz bunu araşdırmaqda maraqlıyıq ".

Şöbə müdiri onu da bildirdi ki, məzunların iş təminatı üçün sovet dövründə olan güzəştlərin tətbiqinin bərpasına ehtiyac var: "Hesab edirəm ki, sovet dövründə olduğu kimi gənc mütəxəssislərin işi üçün müəyyən güzəştlər tətbiq edilsin və bu gənclər də o yerlərdə işləməyə maraqlı olsun. Əgər bu cür güzəştlər tətbiq olarsa, Azərbaycanda kadr qıtlığı və işsizlik problemi olmaz".


Müəllif:

Oxşar xəbərlər