Binəqədi rayonunda yanan binada rəsmi qurumların əməkdaşları və sıravi insanlar fədakarlıq göstərərək, zərərçəkənlərin xilası üçün əlindən gələni etməyə çalışdı.
Teleqraf.com hadisə zamanı fədakarlıq göstərən və yanan binada qalanları xilas edən şəxslər barədə məlumatları təqdim edir.
Şahin Qocayev
Çevik Polis Alayının 2-ci patrul bölüyünün əməkdaşı Qocayev Şahin Alı oğlu- vəzifəsinin icrası zamanı şücaət göstərərək 3 nəfəri xilas edib.Polis 4-cü sakini -Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi Ülvi Sadıqovu binanın 7-ci mərtəbəsindən götürüb, alovun, tüstünün içərisindən çıxararaq pilləkənlərlə endirib. Lakin hər ikisi tüstüdən zəhərləndiyindən, binanın blokunda huşunu itiriblər. Ş.Qocayev yalnız xəstəxanada özünə gəlib. Ayılarkən isə ilk soruşduğu şey xilas etdiyi gəncin aqibəti olub.
Xətai Şahverdiyev
Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğlu qəhrəmanlıq göstərərək bir neçə nəfəri alovun cəngindən xilas etsə də, nəticədə özü də zəhərlənib, yüngül bədən xəsarəti alıb. Dəhşətli yanğında 14-cü mərtəbədən orta yaşlı Bilal adlı bir nəfəri xilas edərək əynindəki döyüş paltarını, əleyhqazı ona verdiyi üçün özü tüstüdən zəhərlənib, qolundan ağır zədələr alıb. Tibbi müdaxilədən sonra Xətai Şahverdiyev evə buraxılıb. Hazırda baş leytenantın səhhəti üçün heç bir təhlükə yoxdur və o özünü yaxşı hiss edir.
FHN əməkdaşı Emin İbadov
Körpələrin xilas olunmasında xüsusi şücaət göstərən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı İbadov Emin bir körpəni yanğından xilas edərək binadan aşağı düşürüb. Şəkildə polisin qucağındakı körpəni də məhz Emin dəhşətli dərəcədə yanan otaqdan qurtararaq polisə təhvil verib.
Kamran
Kamran Bakıda fəhlə kimi çalışır. Dünən yanğın zamanı könüllü olaraq yanan binaya daxil olub, 4 uşaq meyiti çıxarıb. Hadisə zamanı əllərindən və ayaqlarından ciddi yanıq xəsarətləri alıb.
Samir Hüseynov
Fotodakı şəxsin adı Samir Hüseynovdur. Yanğın zamanı öz şəxsi su maşını ilə yanğının söndürülməsinə kömək edib.