20 May 2015 15:53
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Avtomobil nəqliyyatı haqqında” Qanununa dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə olunub.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2014-cü il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub və qarşıya qoyulan hədəflərə nail olunub: “Dünyada yaşanan iqtisadi böhran şəraitində 2014-cü ildə də Azərbaycan iqtisadiyyatı öz inkişafında böyük irəliləyişə nail olub. Həmçinin, neftin qiymətinin kəskin dərəcədə aşağı düşməsinə baxmayaraq, Azərbaycan ötən ildə də iqtisadi cəhətdən inkişafına davam edib”.

Maliyyə nazirinin müavini Azər Bayramov 2014-cü il dövlət büdcəsinin icrasına dair bildirib ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempinin qoruyub.

2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.

Nazir müavini qeyd edib ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib: “Hesabat dövründə orta aylıq əmək haqları 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur”.


A.Bayramov həmçinin deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub: “Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub. Hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. Büdcə kəsiri isə 308 milyon 434 min 756 manat səviyyəsində göstərilib”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2014-cü ilin dövlət büdcəsinin icrasına dair hesabatını açıqlayaraq, onun müsbət dəyərləndirildiyini söyləyib.

Millət vəkili Vahid Əhmədov ötən il əhalinin istehlak xərclərinin 2013-cü illə müqayisədə artaraq 69 faizə çatdığını bildirib və sözlərinə əlavə edib ki, 2014-cü ildə əhalinin banklardakı əmanətləri də azalıb. Bunun müqabilində, bankların kreditlərlə bağlı faiz dərəcələri 2013-cü illə müqayisədə artaraq, 1,8 faizdən 2,5 faizə yüksəlib.

V.Əhmədov həmçinin, dövlət büdcəsindən ayrılan kreditlərin geriyə qaytarılması məsələsinə toxunaraq, bundan narahatlığını ifadə edib. Deyib ki, dövlət büdcəsindən əsasən dövlət təşkilatlarına kreditlər ayrılır. Amma ayrılan kreditlərin cəmi 49 faizi geri qaytarılıb.

Nemət


Müəllif: