25 May 2015 11:44
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropolitenində reklam lövhələrinin quraşdırılması bərpa edilir və artıq bununla bağlı işlərə başlanılıb.

Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisi Paşayev bildirib ki, artıq metropolitenin stansiyalarında sosial reklamlarla yanaşı, biznes reklamları da olacaq: “Bu məqsədlə yeni reklam lövhələri quraşdırılır. Bunun üçün konkret yerlər müəyyən edilib. Lövhələr hər stansiyada platforma və yol divarında, keçiddə, eskalatorun yanındakı divarlarda quraşdırılır”.

Onun sözlərinə görə, Bakı Metropolitenində reklam yerləşdirilməsində heç bir vasitəçi olmayacaq: "Reklam onu verən qurumla birbaşa Metropoliten arasında imzalanmış müqavilə əsasında həyata keçiriləcək. Bizdə bu işlə məşğul olan ayrıca struktur var. Onlar reklamverən şirkətlərlə birbaşa müqavilə bağlayacaqlar. Reklamlar fərqli ölçülərdə, fərqli formalarda olacaq. Reklamın qiyməti isə onun yerləşdiyi yerdən asılıdır. Bu yerlərin hər birinin öz qiyməti var. Yerləşmə mövqeyinə, sərnişin sıxlığı çox olan stansiyaya və ölçülərə görə qiymətlər də dəyişir”.

Xatırladaq ki, ötən il Metropoliten rəhbərliyinin qərarı ilə Bakı Metropoliteni ərazisində biznes reklamları tamamilə yığışdırılmışdı.

N.Paşayev onların yenidən bərpa edilməsinin zəruriliyini belə izah edib: “Biz metroda reklamları ləğv edərkən bildirmişdik ki, əvvəlllər həmin reklamlara lazımi xidmət göstərilmirdi, onların yerləşdirilməsində pərakəndəlik var idi və lövhələr insanları narahat edən yerlərdə və formada quraşdırlmışdı. İndi isə bu proses yeni və fərqli formada həyata keçirilir. İndi yerləşdirilən reklamlar daha müasirdir, led işıqlıdır. Hətta gələcəkdə müasir texnologiyalara əsaslanan elektron avadanlıqlardan da istifadə edilməsini planlaşdırırıq”.


Müəllif:

Oxşar xəbərlər