Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun dəvəti ilə may 25-31-i Banqladeşə səfəri başa çatıb.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində U.Mirzəyev Dakka şəhərində vətəndaş cəmiyyətinin bir sıra tanınmış şəxsləri, hökumət rəsmiləri, media orqanlarının rəhbərləri, mikro maliyyə və sosial biznes sahəsində böyük uğurlar qazanmış təşkilatların tanınmış simaları ilə görüşüb.
Beynəlxalq Yunus Mərkəzində dünyanın 41 ölkəsində fəaliyyət göstərən 5 mindən çox yerli bölməsi olan Gramen Bankın və Gramen İnam Fondunun təsisçisi, mikromaliyyənin və sosial mikrokreditləşmənin yaradıcısı, Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus və Yunus Mərkəzinin rəhbəri Lamiyə Morşidlə görüşən BAMF-ın sədri iki tərəfli əməkdaşlığın gücləndirilməsi, sosial biznes və davamlı inkişaf prioritetlərinin birgə əməkdaşlıq çərçivəsində inkişafı istiqamətində işgüzar müzakirələr aparıb.
Sülh Mükafatı Laureatı Məhəmməd Yunus BAMF-ın vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətini yüksək dəyərləndirdiyini və birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində sülh carçılarının səsinin önəmli olduğunu qeyd edən U.Mirzəyev Beynəlxalq Yunus Mərkəzinin dünyada sülhün və davamlı inkişafın təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib.
Daha sonra Nobel Sülh mükafatı laureatı M.Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondu, Yunus Mərkəzi və Azərbaycanın, eləcə də postsovet ölkələrinin aparıcı akademik mərkəzlərinin iştirakı ilə Bakıda Qlobal Sülh və Sosial Sammitin keçirilməsi və dünyaya birgə sülh mesajlarının verilməsini məqsədəuyğun hesab etdiyini bildirib. Görüşün sonunda birgə qərarlar qəbul olunub. BAMF M.Yunusun bioqrafiyası və fəaliyyəti haqqında yazılan, geniş oxucu kütləsinin rəğbətini qazanan kitabı Azərbaycana dilinə tərcümə edəcək.
Qarşı tərəf isə Azərbaycana səfərin reallaşdırılması üçün ilkin proqramın hazırlanması istiqamətində razılığını bildirib. Sonra dünyanın 11 ölkəsində, Beynəlxlaq ASA (Ümid) təşkilatının rəhbəri Şafiqul Haqu Çoduri ilə görüşən U.Mirzəyev Banqladeşdə qeyri hökumət təşkilatlarının kifayət qədər uğurlu və uzun bir yol keçdiyini, bu istiqamətdə Azərbaycanda da inkişafın sürətlə davam etdiyini bu baxımdan da ikitərəfli münasibətlərin qurulmasını, təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Ş.H.Çoduri təşkilatında 28 mindən çox insanın çalışdığını və dünyanın 11 ölkəsində bir milyard ABŞ dollarına yaxın büdcə ilə fəaliyyət göstərdiklərini qeyd edib. O, vətəndaş cəmiyyətinin inkişaf etdrilməsi, yoxsulluğun aradan qaldırılması, səhiyyə və təhsil sahələrində BAMF ilə birgə əməkdaşlıq sayəsində ciddi nəticələr əldə olunacağını qeyd edib: “Çox az bir məbləğlə fəaliyyətə başlayaraq Beynəlxalq ASA Holdinqinin, ASA Universitetinin və digər təsisatların qurucusu kimi deyə bilərəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa hər zaman açığıq”.
Ş.H.Çoduri BAMF-ın fəaliyyət istiqamətlərinin olduqca maraqlı olduğunu və əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə inandığını söyləyib. Qeyd edək ki, Forbs Jurnalı 60 vətəndaş cəmiyyəti və mikromaliyyə qurumu arasında ASA Holdinqi 2014-cü ildə yoxsulluğun azaldılması istiqamətində fəaliyyətinə görə birinci yerə layiq görüb. Görüş ASA-nın fəaliyyəti ilə tanışlıq mərasimindən sonra başa çatıb.
U.Mirzəyev və BAMF nümayəndələri Asiya ölkələrində yaxşı tanınan 160 ölkənin jurnalistlərini özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin üzvü, Boyşaki televiziyasının aparıcı şəxslərindən olan Bülbül Əhsən ilə faydalı müzakirələr də aparıb. Görüş zamanı media və televiziya işçilərinin qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğu xüsusi olaraq vurğulanıb. B.Əhsən Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərin Asiya ölkələrində də tətbiqi üçün ikitərəfli münasibətlərin inkişafının önəmini qeyd edib.
Səfər çərçivəsində İctimai Təhsil naminə kompaniyanın yaranma ildönümünə həsr edilmiş ziyafətə qatılan U.Mirzəyev 2015-ci il uşaqların müdafiəçisi, sülh fəalı Nobel Sülh Mükafatı laureatı Kaylaş Satyari ilə görüşüb. BAMF-ın fəaliyyəti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının istiqamətləri haqqında K.Satyariyə məlumat verən U.Mirzəyev Nobel Sülh mükafatı laureatlarının dünyanın münaqişə ocaqlarının olduğu ölkələrə səfərlərinin vacibliyini qeyd edib və onu Azərbaycana dəvət edib.
Ziyafət zamanı Banqladeşin Ticarət naziri Tofail Əhməd, Maliyyə naziriliyinin daxili resurslar şöbəsinin müdiri M.Cəlil, Səhiyyə və Ailə planlaması nazirliyinin katibi Nasir Uddin, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətində razılıq əldə olunub.