5 İyun 2015 14:07
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq iyunun 5-də Biləsuvarda növbəti regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

DSMF-nin şöbə müdiri Famil Qədimov müzakirələrin gedişində bildirib ki, çoxsaylı pensiyaçı və sosial sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Famil Qədimov ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb və bildirilib ki, Fondun sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir.

Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

DSMF-nin əməkdaşı Azəri Məmmədov təqdimatla çıxış edərək, tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.

DSMF-nin digər əməkdaşı Nahid Qasımovun fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü” - regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

Naibə QURBANOVA


Müəllif: