“Azəryolservis” ASC paytaxtın bəzi mərkəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə, səkilərə hərəkətə mane olan müxtəlif maneələr, zəncirlər və dirəklərin sökülməsi işlərinə başlayıb.
Teleqraf.com qurumun saytına istinadən xəbər verir ki, aparılan işlər nəticəsində paytaxtın mərkəzində, daha dəqiqi Nəsimi rayonu Əlövsət Quliyev, Rəsul Rza, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov və digər küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə və səkilərə vurulan müxtəlif maneələr, zəncirlər və dirəklər xüsusi kəsici alətlərlə kəsilərək, yığışdırılıb. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.