15 İyun 2015 16:47
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Qurtuluş Günün Zaqatala rayonunun sakinləri üçün əlamətdar olunub. Belə ki, iyunun 15-də Zaqatala rayonunda yeni avtovağzal kompleksinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Zaqatala şəhərinə yaxın olan Yuxarı Tala kəndinin ərazisində müasir memarlıq üslubunda inşa edilən yeni avtovağzalın ümumi ərazisi bir hektara yaxındır. Tikintisinə 2013-cü ildə başlanan avtovağzal kompleksinin əsas binasında sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Binada müasir havalandırma sistemi quraşdırılıb. Yüz nəfərlik geniş gözləmə salonunda sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb, rahat oturacaqlar qoyulub.

Binada sərnişinlərin əşyalarının saxlanılması üçün kameralar yaradılıb. Burada, həmçinin ana və uşaq otağı da vardır. Tibbi xidmətə ehtiyacı olanlar həkim otağına müraciət edə bilərlər. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Binada kafe, inzibati otaqlar, həmçinin sürücülərin istirahət etmələri üçün otaq da nəzərdə tutulub.

Avtovağzal kompleksində avtomobillər üçün texniki müayinə, avtoyuma və digər yardımçı binalar da fəaliyyət göstərəcəkdir. Kompleksin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Avtovağzal kompleksinin açılış mərasimində Nəqliyyat Nazirliyinin məsul nümayəndəsi Vidadi Qəhrəmanov və rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək sakinləri əlamətdar bayram – Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Vurğulanıb ki, obyektin açılışı çox əlamətdar bir vaxta – birinci Avropa Oyunlarının keçirildiyi dövrə təsadüf edir. Yarışlarda Azərbaycan idmançılarının 13 medalla birinci pillədə qərar tutması zaqatalalılar tərəfindən də böyük sevinclə qarşılanıb. Rayon əhalisi idmançılarımızın bu uğuruna ürəkdən sevinir və onlara gələcək yarışlarda parlaq qələbələr arzulayırlar.

Avtovağzalın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları kompleksdə yaradılan şəraitlə yaxından tanış olublar.


Müəllif:

Oxşar xəbərlər