İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində (ŞREM) Silahlı Qüvvələr Gününə həsr edilən iclas keçirilib.
Mərkəzdən Teleqraf.com-a bildiriblər ki, Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən iclasda ŞREM-in direktoru, dosent Yusif Şükürlü bu günün tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı ölkəmizdə Silahlı Qüvvələr Günü elan olunub və hər il xalqımız həmin günü təntənə ilə bayram edir.
ŞREM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rahim Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti”, gənc alimlər Elşən Abdurahmanov “Qafqaz İslam Ordusu”, Şəfəq Mahmudova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı”, Ramil Teymurov “Cümhuriyyət generalları”, Habil Xəlilov “Qafqaz islam ordusunda milli-mənəvi dəyərlərə bağlılıq”, Reyhan Məcidova “Cümhuriyyət ordusu Azərbaycan poeziyasında” mövzularında məruzələrlə cıxış ediblər.
İclasda, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) illərində milli ordunun yaradılmasında şəkili hərbçilərin, xüsusən polkovnik Bəhram bəy Nəbibəyovun xidmətlərindən söz açılıb.
Sonda AXC və Azərbaycan ordusu ilə bağlı videoçarx göstərilib.