Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ərizələrin qəbulu 1-15 iyul tarixlərində aparılacaq.
Bu il ümumilikdə 3511 vakant yer müsabiqəyə çıxarılıb. Həmin yerlərin 3202-si (91 faizi) Azərbaycan bölməsi, 309-u (9 faizi) rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13 faiz), ibtidai sinif (440 yer, 13 faiz), biologiya (387 yer, 11 faiz), fizika (359 yer, 10 faiz) və coğrafiya (341 yer, 10 faiz) fənləri üzrə elan edilib.
Vakant yerlərin tutulması üçün imtahanların keçirilməsi iyulun 20-26 tarixlərinə planlaşdırlır. İmtahandan keçid balını toplayanlar müsahibələrdə iştirak edəcəklər. Proses avqustda başa çatacaq.
Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az internet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.
Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.