10 İyul 2015 16:55
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şirvan, Hacıqabul, Sabirabad rayonları üzrə 33 saylı və Salyan, Neftçala rayonları üzrə 35 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) da müasir tələblərə uyğun iş şəraiti və yeni tibbi müayinə avadanlıqları ilə təmin olunublar.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlmuata görə, komissiyaların inzibati binalarında vətəndaşların qəbulu, onlara tibbi-sosial ekspertiza xidməti göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yüksək səviyyəli şərait yaradılıb.

Yeni iş şəraitlərinin istifadəyə verilməsi tədbirlərində ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (DTSERX) rəisi İlqar Qurbanov TSEK-lər tərəfindən əhaliyə göstərilən xidmətin təkmilləşdirilməsi yönündə aparılan işlərdən bəhs edib.

Xidmət rəisi ilk növbədə əlilliyin təyinatı sahəsində şəffaflığın təmin olunmasına nəzarətin xeyli gücləndirildiyini və bu sahədə fəaliyyətin avtomatlaşdırılmış mexanizm əsasında qurulmasına başlandığını diqqətə çatdırıb. O bildirib ki, yaradılmış yeni elektron informasiya sistemi vasitəsilə əlillik müayinəsi üçün lazımi sənədlərin, göndəriş formalarının elektron mübadiləsi təmin edilib. Həmçinin əlillik müayinəsi aparılan vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrin nəticələri, ilkin və təkrar əlillik təyinatları barədə elektron məlumat bazası yaradılıb. Bütün bunlar isə həm kağız daşıyıcılardan istifadənin, həm də əlillik təyinatında vətəndaş-məmur münasibətlərinin məhdudlaşmasına səbəb olub.

Qeyd olunub ki, hazırda əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi yönündə də işlər aparılır. Hazırlanan yeni meyarlar əlilliyin müayinəsi zamanı şəxsin mövcud əmək fəaliyyəti potensialının və məşğulluq imkanlarının da müəyyən olunaraq rəsmiləşdirilməsi prinsipini nəzərdə tutur ki, bu da həmin insanın əmək bazarına çıxış və reabilitasiya imkanlarını daha da genişləndirəcək. Yeni yaradılan DTSERX də əsas fəaliyyət istiqamətlərindən biri kimi əlilliyi olan şəxslərin mövcud potensialları nəzərə alınmaqla onların sosial reabilitasiyası məqsədilə səmərəli proqramlarının tərtib olunaraq həyata keçirilməsinə daim xüsusi diqqət yetirəcək.

Qabaqcıl Avropa ölkələri ilə əməkdaşlıq şəraitində ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi işlərindən də söz açılıb, bu işlər çərçivəsində bərpa mərkəzlərində yeni reabilitasiya xidməti növlərinin, mütərəqqi metodların tətbiq olunacağı nəzərə çatdırılıb. Bildirilib ki, qeyd olunanlarla yanaşı, hazırda nazirliyin 38 TSEK-i fəaliyyət göstərir və ötən ilin ortalarından etibarən bu vaxta qədər onların artıq 26-da əhaliyə xidmət şəraiti müasir tələblər səviyyəsində qurulub. TSEK-lərin kollektivləri də belə müasir iş şəraitində vətəndaşların müraciətlərinə daim daim diqqət və qayğı ilə yanaşmalı, onlara layiqli səviyyədə xidmət göstərməlidirlər.

Tədbirlər zamanı TSEK-lərin əməkdaşlarının fəaliyyəti, vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yeni yaradılmış şəraitə baxış olub, habelə əlillik müayinəsinin aparılması üçün elektron sənəd mübadiləsi prosesi nəzərdən keçirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər