Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 24 iyul tarixində nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş üzgüçülük üzrə çempionat keçirilib.
İdman-sağlamlıq klubundan Teleqraf.com-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 18 komandada 36 iştirakçı mübarizə aparıb. İştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət ediblər.
Komanda olaraq birinci yerə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yerə Mülkü Müdafiə qoşunları (MMQ), üçüncü yerə isə Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidməti layiq görülüb.
Şəxsi hesabda Babazadə Anar (DSXX) birinci yeri, Esetov Rüstəm (DSXX) ikinci yeri, Britvin Emil (MMQ)isə üçüncü yeri tutub.
Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.