2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsi nəzərdə tutulur. Görülən işlər çərçivəsində 52 rayonda 375 fərdi evin inşası da həyata keçirilib ki, onlardan inşası artıq başa çatmış ilk fərdi ev bu gün Qusar rayonunda şəhid ailəsinin istifadəsinə verilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunun Həsənqala kəndində tikilmiş fərdi yaşayış evinin şəhid ailəsi Hacıyeva Səlimə Şah qızına təqdim olunması zamanı bildirib.
Səlim Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir yaşayış binasının müharibə əlilləri və şəhid ailələrin istifadəsinə verildiyini xatırladaraq bildirib ki, hazırda Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 çoxmənzili yaşayış binası tikilir: “Qeyd olunan insanlar üçün hazır binalardan 165 mənzilin alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcəklər. Ümumilikdə cari il ərzində 964 mənzilin və fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır”. Nazir hazırda Qusar rayonunda daha üç fərdi evin tikildiyini diqqətə çatdırıb və bildirib ki, bu evlərin yüksək keyfiyyətli tikinti materiallarından və müasir tələblərə uyğun səviyyədə inşa olunmasına xüsusi diqqət yetirilir. Bu evlərdə ailələrin normal səviyyədə, rahat yaşaması üçün bütün lazımi şərait yaradılıb.
Səlim Müslümov müharibə əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqlarını diqqətə çatdırıb: “Hazırda müharibə əlilləri və onlara bərabər tutulan 18784 nəfər vətəndaş sosial müavinət və ya əmək pensiyası ilə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunurlar ki, onların 12289 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği cənab Prezidentin müvafiq Fərmanına əsasən 50 faizə yaxın artırılıb. 13 min 405 şəhid ailəsinə də Prezidentin aylıq təqaüdü ödənilir ki, həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata çatdırılıb. Müharibə əlilləri və şəhid ailələrinin uşaqları aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin olunurlar. Eləcə də onların ödənişli təhsil alan övladları təhsil haqqından azad ediliblər. “Əmək pensiyaları haqqında” Qanunla isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır”.
Naibə QURBANOVA