Avrasiya Universitetlər Birliyi (EURAS) Bakının Hilton hotelində 2016-cı ilin fevral ayında İstanbulda keçiriləcək Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsi(EURIE) ilə bağlı geniş tanıtım toplantısı keçirib. Toplantıda Milli Məclisin deputatları, rektorlar, Türkiyənin Azərbaycandakı səfiri, dövlət qurumlarının rəsmiləri və media təmsilçiləri iştirak edib.
Toplantını giriş sözü ilə açan EURAS-ın prezidenti, professor Mustafa Aydın rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. M.Aydın EURAS-ın 2008-ci ildə İstanbulda təsis edildiyini və Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 90-dək universiteti öz ətrafında birləşdirdiyini qeyd edib. Professor EURAS-ın həyata keçirdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor-müəllim və tələbə heyətinin mübadiləsi, təqaüdlü proqramlar, yay təcrübəsi və məktəbləri haqqında ətraflı danışıb.
Mustafa Aydın İstanbulda keçiriləcək EURIE zirvəsinin əhəmiyyətindən söz açaraq, Azərbaycan universitetlərinin bu zirvədə təmsil olunmasının zəruriliyinə diqqət çəkib.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli EURAS-ın fəaliyyətini yüksək qiymətləndirərək, Bakıda reallaşdırılan tanıtım toplantısının mühüm əhəmiyyətindən söz açıblar.
Tanıtım toplantısında Avrasiya Universitetlər Birliyi və onun İstanbulda keçirəcəyi Beynəlxalq Ali Təhsil Zirvəsi ilə bağlı təqdimat nümayiş etdirilib.
Toplantıda eyni zamanda, EURAS-ın prezidenti, professor Mustafa Aydın "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən elm və təhsil, gənclərlə iş sahəsində müstəsna xidmətlərinə görə, "Gənclərin Dostu" Milli Mükafatı ilə təltif edilib. Mükafatı Mustafa Aydına Millət vəkili, professor Jalə Əliyeva və "İslahatçı Gənclər" İctimai Birliyin sədri Fərid Şahbazlı təqdim edib.
Qeyd edək ki, Avrasiya Universitetlər Birliyinin Bakı tanıtım toplantısına tanınmış ictimai-siyasi və elm xadimləri qatılıb. Onların sırasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun, Türkiyənin keçmiş dövlət naziri Abdulkadir Aksu, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, millət vəkilləri Jalə Əliyeva, Musa Qasımlı, Kamilə Əliyeva, Etibar Hüseynov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, "Azərbaycan" Universitetinin rektoru Fərid Əhmədov, "Xəzər" Universitetinin təsisçisi Hamlet İsaxanlı, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov və bir sıra digər universitet təmsilçiləri, rəsmi şəxslər olub.
/Editor.az/