Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Almaniyanın Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat və Biznes Administrasiya Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə Teleqraf.com-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədlərinə tələbə və müəllimlərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması və nəşrlərin hazırlanması, elmi-praktik konfransların, təhsil və mədəniyyət proqramlarının təşkil olunması daxildir.
Müqaviləyə əsasən, iki universitet arasında tələbələrin ən azı bir semestr olmaqla qarşılıqlı mübadiləsi nəzərdə tutulub. Mübadilə proqramına qoşulan tələbələr üçün təhsil haqqı ödənişsizdir və daxil olduqları universitetdə ən azı iki semestr tədris almış olmalıdırlar.
Qeyd edək ki, Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universiteti dünya üzrə "QS" reytinqində 397-ci, "Webometrics"in dünya üzrə reytinqində 235-ci, Avropa üzrə 86-ci pilləsində qərarlaşıb.