27 Avqust 2015 14:26
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təşkilatçılığı ilə beynəlxalq elmi konfrans öz işinə başlayıb.

BDU-da keçirilən “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015” adlı 5-ci beynəlxalq konfransın aşılısını rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov edib. Nazir beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyindən danışıb. Həmçinin bildirib ki, əgər Azərbaycan inkişaf etmiş ölkələrlə rəqabət etmək istəyirsə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməlidir.

Daha sonra çıxış edən universitetin rektoru Abel Məhərrəmov deyib ki, optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biridir. O, vurğulayıb ki, elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin "ən yaxşı" şəkildə idarə olunması tələb olunmasın.

Rektor, son dövrlərdə hər il ərzində Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihələri həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Akademik Abel Məhərrəmov onu da qeyd edib ki, bu gün Bakı Dövlət Universiteti dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu Assosiasiyalarının üzvüdür və Beynəlxalq reytinq cədvəllərində öndə gedir.

Çıxışının sonunda rektor Abel Məhərrəmov nazir Əli Abbasova konfransın təşkilində fəal iştirakına görə təşəkkür edib və onu “Universitetin dostu” diplomu ilə mükafatlandırıb. Konfransda iştirak edən xarici professorlar isə “Fəxri qonaq” diplomu ilə təltif ediliblər.

Qeyd edək ki, konfransın mövzularına “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir.

Dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-ə qədər məruzə ediləcəyi gözlənilir. Artıq ənənə şəklini almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Bilkənd Universitetində - Türkiyədə, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində - Bolqarıstanda baş tutub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər