Ötən ay akademik Tofiq Hacıyev Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsindən istefa verdi. Akademik mətbuata açıqlamasında bildirdi ki, əmək intizamını pozduğuna görə institutun iki böyük elmi işçisi Elmi Şuranın müzakirəsinə əsasən işdən azad edilib. İşdən çıxarılanlar akademiklə bağlı yuxarı dairələrə şikayət edib, narazılıqlarını bildiriblər. Tofiq Hacıyev istefa ərizəsinə məhz bu hadisənin səbəb olduğunu bildirdi. O dedi ki, təşkil edilən komissiyanın apardığı araşdırmaya və şöbə müdirlərinin verdiyi təqdimata əsasən, onları işdən azad etsə də, ona edilən təzyiqlərdən bezib istefa vermək qərarına gəlib.
Dilçilik İnstitutunun yay məzuniyyətindən qayıdan aparıcı əməkdaşları isə Teleqraf.com-a məktubla müraciət ediblər. Məktubda qeyd olunur ki, Tofiq Hacıyevin direktor vəzifəsindən istefa verməsi xəbərini çaşqınlıqla qarşılayıblar.
Məktubda qeyd olunur ki, institut əməkdaşlarının əksəriyyəti hamının istirahətdə olduğu bir vaxtda bu elm ocağında baş verənləri “müəmma” kimi qiymətləndirir: “Düzdür, ötən həftə akademiyanın mətbuat xidməti Tofiq Hacıyevin istefasının hələ qəbul olunmadığı barədə məlumat yayıb. İnstitutun “Dil tarixi və dialektologiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva isə bildirib ki, bir ildən çoxdur institutda Azərbaycan dilçiliyini inkişaf etdirməklə bağlı ölkə prezidentinin sərəncamı ilə qəbul olunmuş “Dövlət Proqramı”nı həyata keçirmək üçün gərgin işlər gedir. Dil tarixi ilə bağlı tədqiqatlar dərinləşib, transliterasiya lüğəti hazırlanıb, yeni orfoqrafiya lüğəti üzərində iş başlanıb, KİV-də, küçə adlarında, reklam və afişalarda ədəbi dil normalarına necə əməl olunması ilə bağlı davamlı monitorinqlər aparılır. Qısa müddətdə ortaya “Naxçıvan dialektoloji atlası” kimi fundamental tədqiqat əsəri çıxarılıb, institutda struktur dəyişikliyinə start verilib. Mən hələ ali məktəblərdə çalışan görkəmli dilçi alimlərin institutdakı tədqiqatlara cəlb olunmasını demirəm. İndi bu işlərin intensiv şəkil aldığı bir vaxtda prosesləri məharətlə yönəldən direktor Tofiq Hacıyev istefa verir. İstər-istəməz sual doğur ki, bu addım niyə baş verir, akademiki bu işə kimlər və hansı səbəblər sövq edir?”
Sevil Mehdiyeva qeyd edib ki, əslində elm ictimaiyyəti institutla bağlı gedən səhnəarxası oyunların mahiyyətindən xəbərdardır: “Kimin harda su bulandırması, kimin kimi müdafiə etməsi yaxşı bilinir. Bu gün cürbəcür saytlara anonim və qərəzli materiallar ötürən, cəfəngiyyatlar uyduran, vicdanlı alimlərə böhtan atan, institutda görülən böyük işləri və Tofiq Hacıyevin fəaliyyətini gözdən salmağa çalışan, hətta onun elmi şöhrətini belə qısqanan adamlar öz xislətlərini aşkarca büruzə verirlər”.
Sevil Mehdiyeva onu da əlavə edib ki, Tofiq Hacıyevin rəhbərliyi dövrünə qədər uzun illər Dilçilik İnstitutunda kök salmış süni intriqalar elmi işçilərin normal elmi fəaliyyətlə məşğul olmalarına imkan verməyib: “Sanki daim gizli bir əl bu qarşıdurmaları idarə edirdi. Tofiq Hacıyev qısa müddətdə bu intriqa ocaqlarını söndürməklə əlverişli iş şəraiti yaratmışdı. Düşünürəm ki, hörmətli akademikin istefası təkcə başlanmış əsaslı işləri yarıda qoymayacaq, həm də qorxuruq ki, səngimiş münaqişə ocaqlarını oyadacaq ki, bu da yenə elmi fəaliyyətə problemlər yaradacaq. Ona görə də mən hesab edirəm ki, Azərbaycan dilçilik elmi və dilçiliyimizin inkişafı naminə Tofiq müəllim istefa ərizəsini geri götürməli, onu sevən kollektivə qayıtmalıdır. Başlanmış böyük işləri davam etdirmək üçün onun elmi biliyi, zəngin təcrübəsi və şəxsi nüfuzu bu kollektiv üçün çox lazımdır. Bəlkə çoxları bunu yaxşı anlamır, amma bilmək lazımdır ki, bu gün dilçilik elmimizdə xüsusi yeri olan akademik Tofiq Hacıyev kimi alimlər barmaqla sayılası qədər azdır”.
AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Əliyevin Teleqraf.com-a bildirdiyinə görə, Tofiq Hacyev rəsmi olaraq işdən çıxarılmayıb.
Baba Əliyevin sözlərinə görə, Tofiq Hacıyevin istefa ərizəsi AMEA-nın rəhbərliyi tərəfindəın qəbul olunub, amma akademiyanın Rəyasət Heyəti səviyyəsində məsələyə rəy verilməyib: “Bu məsələ bizim də diqqətimizdədir. Tofiq Hacıyevin istefa ərizəsinə əsasən işdən çıxarılıb-çıxarılmaması Rəyasət Heyətinin qərarından asılıdır. Çünki prosedur belədir ki, akademiyanın nəzdindəki institut direktorları və direktor müavinlərinin vəzifə təyinatı və ya işdən azad olunması akademiyanın Rəyasət Heyətinin qərarından asılıdır. Tofiq müəllim isə istefa ərizəsini yazanda Rəyasət Heyətinin tərkibi yay məzuniyyətində idi. Odur ki, bu məsələ Rəyasət Heyətinin prezidiumuna çıxarılmalıdır. Rəyasət Heyətinin növbəti iclasında Tofiq Hacıyevin ərizəsinə baxılacaq”.
Akademikin özü ilə də əlaqə saxladıq. Tofiq Haciyev Teleqraf.com-a bildirdi ki, institutda dilçilik elminə töhfə vermək istəyində olan aparıcı elmi işçilər onun istefa ərizəsini geri götürməsini xahiş edirlər. Akademik işçilərinin iradəsi əleyhinə getməyi düşünmür: “Rəhbərliyim dövründə Dilçilik İnstitutunun kollektivi hesab edirəm ki, az iş görməyib və onlar da sağ olsunlar ki, bu birgə işimizi qiymətləndirirlər, dəyər verirlər, Dilçiliyin inkişafına dair Dövlət prqoramından irəli gələn məsələlərin həlli ilə bağlı hələ o kollektivin görüləsi işləri də çoxdur. Hesab edirəm ki, mən də onları yarı yolda qoymamalıyam. O vaxt ərizəni yazanda əsəbi vəziyyətdə idim. Amma sonradan düşündüm ki, kollektivin ümumi rəyini nəzərə almalıydım. Ən azı dilçilik elminin inkişafı xatirinə istefa ərizəmi geri götürməyi düşünürəm”.
Qeyd edək ki, Dilçilik İnstitutundan verilən məlumata görə, institutun yeni təyin olunan direktoru Möhsün Nağısoylu iki həftədir ki, işə çıxmır.
Sevil HİLALQIZI