1 Sentyabr 2015 12:40
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid imtahana doğru atılan addım birmənalı qarşılanmır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə orta məktəblərdə buraxılış imtahanlarına salınan fənlərin ali məktəblərə qəbul imtahanlarında təkrarlanmayacağı ilə bağlı layihə üzərində müzakirələr aparıldığını bildirib.

Belə bir layihənin növbəti tədris ilindən, yaxud 2017-ci ildən tətbiqi gözlənilir.

Bu qaydanın tətbiqi valideynlərdə, gələn ilin məzunlarında suallar doğurub.

Məlumdur ki, TQDK hər ixtisas qrupu üzrə aparıcı fənlərdən sualları nisbətən çətinləşdirilmiş səviyyədə tərtib edir. Abituriyentləri maraqlandırır ki, belə addım atılarsa, orta məktəblərin test sualları ixtisas qruplarına uyğunlaşdırılacaqmı?

Elnur Nağızadənin sözlərinə görə, bu təklifin reallaşması barədə indidən söz açmaq tezdir: “Nəzərə alaq ki, hələ bu ilin oktyabr ayında belə bir təklif hazırlanıb Təhsil Komissiyasına veriləcək və qurumda müzakirələr aparılacaq”.

Məzunun intellektual qabiliyyətində çatışmazlıq yaranar

Təhsil eksperti Nabatəli Qulamoğlu bildirir ki, bu addım buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi məqsədinə xidmət edir. Məqsəd odur ki, hansı imtahanlar reallığa daha uyğundur, ona üstünlük verilsin: “Amma nəzərə alınmalıdır ki, məzuna buraxılış imtahanlarında verilən suallarla qəbul imtahanlarında abituriyentə verilən sualların məzmunu bir deyil. Bu məsələni heç cür rasional düşüncəyə sığışdırmaq mümkün deyil. Tələbə qəbulu komissiyası özü təklif paketini açıqlamalı və ictimai müzakirəyə çıxarmalıdır. Əsas fənlər var ki, məsələn, ana dili və riyaziyyat kimi fənlərdən imtahan mütləq buraxılış imtahanında da olmalıdır, qəbul imtahanında da. Əgər bu fənlər buraxılış imtahanından çıxarılsa, məzunun intellektual qabiliyyətində çatışmazlıq meydana gələcək. Bura mən xarici dil fənnini də daxil edərdim”.

Təmayülləşmə kütləvi hal alsa...

Ekspert dedi ki, Təhsil Nazirliyi 50 məktəbdə təhsilin təmayüllər üzrə qurulması layihəsinə başlayıb, bu layihə kütləvi xarakter alarsa, ali məktəblərə qəbul imtahanlarında da profillər üzrə test suallarının fənlərə görə təsnifatı daha məqsədəuyğun olar: “Qəbul imtahanlarında bir sıra fənlərin sayını maksimum azaltmağa ehtiyac var. Bu, o zaman ola bilər ki, orta məktəblərdə təmayülləşmə kütləvi hal alsın. Bu halda elmə nümunəvi töhfələr vermək olar.

Beynin yaxşı bir xüsusiyyəti var, həm informasiyanı qəbul edir, həm də yaddan çıxarır. O nöqteyi-nəzərdən insanın informasiya qəbulu müəyyən qruplara bölünməlidir. Çox təəssüf ki, təhsilimizdə məktəblərin növləri yoxdur. Əgər olsaydı, təhsil sahəsində çoxsaylı problemlər yaranmazdı. Hollandiya kimi ölkədə bir neçə növdə məktəb var və bu məktəblərin hər birində imtahanlar da fərqli-fərqlidir. Bizdə isə şagirdlər əsas fənn olaraq ya ana dili, ya da riyaziyyat üzrə hazırlaşırlar.

Doğrudur, bu fənlərin öyrənilməsi məcburidir, amma şagirdləri müxtəlif sahələr üzrə aşağı siniflərdən yönləndirmək daha uğurlu nəticələr verər".

Nabatəli Qulamoğlu bildirdi ki, orta məktəblərdə şagird hazırlığı tam təmayülləşmə üzrə aparılmayınca, belə bir layihənin ciddi effekt verəcəyinə inanmır: “Hazırda xarici dil keçilməyən məktəblərdə kimya fənnindən imtahan salınıb. Şagird orta məktəbdə kimyadan imtahan verib, ali məktəbə qəbulda tarixdən imtahan verirsə, bu, əlbəttə, qarışıqlıq yaradır. Azərbaycanda məktəblərin müxtəlif növləri olmayınca, təmayülləşmə aparılmayanadək, belə bir məsələnin effektli olacağına inanmıram”.

“Vahid imtahan daha məqsədəuyğundur”

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirir ki, tədris prosesinin bütün mərhələləri elmi-metodik əsasa söykənməlidir, imtahanlar da o cümlədən: “Düşünürəm ki, TQDK bu cəhəti lazımınca nəzərə almayıb. Buraxılış imtahanlarının ali məktəbə qəbul zamanı təkrar edilməməsi məqbul sayıla bilməz. Çünki buraxılış imtahanlarında olan fənlər ona uyğun ixtisaslarda qəbul üçün əsasdır.

Düşünürəm ki, bu yanaşmalar TQDK-nın vahid imtahana doğru axtarışlarıdır. Vahid imtahan daha məqsədəmüvafiq olardı, nəinki buraxılışda olan imtahanların ali məktəbdə nəzərə alınmaması. Hər halda TQDK-nın axtarışlarda olması səmərəli imtahan forması tapacağına inam yaradır".

Azərbaycan Pedaqoji Universitetin müəllimi Fəxrəddin Yusifov isə hesab edir ki, vahid imtahana doğru atılan bu addımla bağlı təhsil ictimaiyyətində geniş müzakirələrin aparılmasına ehtiyac var. Onun fikrincə, təhsil mütəxəssisləri də belə bir layihənin həyata keçirilməsi üçün əsaslı mexanizm hazırlamalıdır: “Mexanizm necə olmalıdır, bu, öncədən təhsil ictimaiyyətinə də açıqlanmalıdır”.

Fəxrəddin Yusifov deyir ki, istər buraxılış, istərsə də qəbul imtahanlarının test sualları arasında ciddi bir fərq görmür, çünki hər iksi bir mərkəzdən idarə olunur: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının da, qəbul imtahanlarının da suallarını orta məktəbin proqramı əsasında hazırlayır. Bu baxımdan təklif olunacaq mexanizmdə elə bir ciddi çətinlik olmayacağını düşünürəm”.

O, sonda qeyd etdi ki, vahid imtahanın tətbiqi məzunların, abituriyentlərin, o cümlədən onlarla bərabər valideynlərin imtahan həyəcanının da qarşısını alar: “İki imtahan keçirməkdənsə, bir imtahanın keçirilməsi daha məqsədəuyğun olardı”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər