Kənd təsərrüfatı yarmarkaları niyə keçirilmir?
Mətbuatda ara-sıra da olsa, kənd təsərrüfatı məhsullarının yığımı ilə bağlı məlumatlara rast gəlirik. Məsələn, Göy-Göl rayon icra hakimiyyətindən bu günlərdə məlumat verildi ki, cari ilin avqust ayının 1-nə olan məlumata görə, rayonda 9694,4 hektar sahədə biçin aparılaraq 27676,9 ton taxıl tədarük edilib, 951 ton kartof, 680 ton tərəvəz, 474 ton meyvə, 150 ton bostan məhsulları istehsal olunub.
Ağstafa rayon statistika idarəsi məlumat yaydı ki, fermerlər 976 hektar bağdan indiyədək 3 min 581 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 456 ton çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mövsüm ərzində təsərrüfatlarda 506,8 min ton kartof, 765,4 min ton tərəvəz, 356,4 min ton bostan məhsulları, 179,7 min ton meyvə və giləmeyvə, 3201 ton üzüm, 363,6 ton yaşıl çay yarpağı, 1496 ton tütün toplanıb, 1447 ton günəbaxan istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7 faiz, 6,6 faiz, 9,6 faiz, 1,8 faiz, 0,9 faiz, 14,8 faiz, 20,1 faiz çoxdur.
Hektarın orta məhsuldarlığı kartof üzrə 12 sentner, tərəvəz üzrə 5 sentner, bostan məhsulları üzrə isə 18 sentner artıb.
Statistika Komitəsinin rəqəmlərinə istinadla demək olar ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz sahəsində ölkədə məhsuldarlıq artıb. Bu artım bazarlara necə təsir göstərib? Qiymətlər artıbmı, azalıbmı?
Kənd təsərrüfatı mütəxəssisi, Azərbaycan Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayevin sözlərinə görə, ötən illə müqayisədə bu il bolluq olsa da, qiymətlərin sərbəstliyinə görə müxtəlif bazarlarda qiymətlər də müxtəlifdir.
Onun fikrincə, meyvələrin qiyməti əsasən əvvəlki illərə nisbətən baha olub, bostan bitkiləri və tərəvəzlərin qiymətində isə nisbətən ucuzluq müşahidə edilir: “Elə meyvələr vardı, bol idi, bu da həmin məhsulun qiymətinə öz təsirini göstərdi. Məsələn, bu mövsüm çiyələk bol oldu. Əriyin çiçəkləmə dövründə havaların kəskin soyuması məhsuldarlığı azaltdı. Cənub bölgəsində suvarmanın gecikməsi səbəbindən badımcanın məhsuldarlığı düşdü”.
Hazırda bütün dünyada bahalaşma prosesinin getdiyini deyən Nizami Qarayev bildirdi ki, bunun bir çox obyektiv və subyektiv səbəbləri var: “Yağıntı çox olduqda bu bir tərəfdən məhsuldarlığa müsbət təsir göstərir, quraqlıq baş verdikdə mənfi... Bu yaz yağıntının miqdarı bəzi regionlarda ötən illə müqayisədə çox oldu və nəticədə həmin regionlarda məhsuldarlığa müsbət təsir göstərdi. Amma fermerlərimizin istehsal prosesinə hazırlığı əksər hallarda orta səviyyədən də aşağı olur ki, bu da məhsula vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilməsinə, məhsul yetişərkən yığılmasına, toplanmasına, daşınmasına düzgün riayət olunmamasına səbəb olur.
Bütün bunlar da fermerin az qazanc götürməsi ilə nəticələnir. Baxmayaraq ki, istehsalçının öz məhsulunu bazara çıxarmasına dövlət kifayət qədər şərait yaradır, amma obyektiv və subyektiv amillər qiymətə təsir göstərir. Ona görə də ticarətin formalaşması üçün bazarların rekonstruksiyasına da ehtiyac var".
Nizami Qarayev bildirdi ki, paytaxtda kənd təsərrüfatı yarmarkalarının keçirilməməsi də rəqabət mühitinin olmamasına, nəticədə qiymətlərin artmasına gətirir: “Yarmarkaların fəaliyyətini dayandırması qiymətlərin 20 faiz qalxmasına səbəb olub”.
Qeyd edək ki, 2008-ci ildən Bakıda təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkaları 4 aydır təşkil olunmur. Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, yarmarkalar Bakı şəhər icra hakimiyyətinin məktubu əsasında yerlərinin dəqiqləşdirilməsi ilə bağlı müvəqqəti dayandırılıb. Nazirin sözlərinə görə, bəzi yerlərdə sıxlıq yarandığı və vətəndaşlardan şikayətlər daxil olduğu üçün ünvanların yenidən dəqiqləşdirilməsinə ehtiyac var.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Əliabbas Bağırov isə dedi ki, yarmarkaların keçirilməsi Avropa oyunları ərəfəsində şəhərin estetik görkəmini pozduğuna görə bu məsələ BŞİH-də bir daha nəzərdən keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, yarmarkaların yenidən təşkili üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır.
Nizami Qarayev dedi ki, bu yarmarkaların təşkili əhalinin aztəminatlı təbəqəsi üçün əlverişli olduğuna görə yarmarkaların bərpası məqəsədəuyğundur: “Yarmarkalarda fermerlər məhsulu alıcılara birbaşa çatdırır deyə orada qiymətlər ən azı 20 faiz ucuz olur. Doğrudur, satışa o qədər də keyfiyyətli məhsul çıxarılmır, ancaq alıcılıq qabiliyyəti aşağı olan əhali üçün bu yarmarkalar bütün hallarda əlverişlidir. Bu baxımdan, kənd təsərrüfatı yarmarkalarının mütəmadi keçirilməsi çox yaxşı olardı”.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə bildirir ki, bu mövsümdə bazara məhsulların gətirilməsi imkanının məhdudlaşdırılması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi amillər qiymətlərdə fərqə gətirib çıxarır: “Alıcılıq qabiliyyətinin aşağı olmasına görə, misal üçün, pomidorun qiymətində nisbətən ucuzlaşma var. Hazırda satışda kilosu 50 qəpiyə pomidora rast gəlmək olur. Amma keçən ilin yayında pomidorun qiyməti daha ucuz idi, 30 qəpiyə almaq olurdu”.
Vahid Məhərrəmovun sözlərinə görə, Statistika Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin statistik rəqəmləri arasında fərq olduğu üçün ümumilikdə ölkə üzrə məhsuldarlığın olub-olmaması haqqında müqayisə aparmaq çətindir: “Ataların bir məsəli var: ”Bir varı, bir də yoxu gizlətmək olmur". Əgər məhsul bolluğu olsaydı, bazarlarda qiymətlər aşağı olardı. Yaxud daxili tələbatdan çox məhsul istehsal edilibsə, xaricə ixrac edilərdi. İxrac əksinə, azalıb. Ötən il Rusiya Avropadan gələn məhsula embarqo qoydu. Azərbaycanda bəzi tərəvəzlərin bir hissəsi Rusiyaya getdi. Rusiyada rublun düşməsi ilə əlaqədar bizim fermerlər bu ölkəyə meyvə-tərəvəz ixracına tərəddüd edir. Məsələn, indiki halda Azərbaycandan Rusiyaya pomidor aparmaq sərf eləmir. Qiymət diapazonu imkan vermir ki, fermer daşınma və digər xərcləri qarşılaya bilsin. Həm də hazırda Rusiyaya kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsi yüksək, sistemli olan ölkələrdən mal-məhsul idxal edən ölkələr artıb deyə, bizim məhsullara maraq azalıb".
Mütəxəssis dedi ki, fermerlər üçün həvəsləndirici tədbirlərin görülməsi məhsuldarlığa müsbət təsir göstərə bilər: “Banklar kəndlilərə bu il kredit verilməsini məhdudlaşdırıb. Maliyyə vəsaiti çatmadığına görə fermerlər aqrotexniki qaydalara düzgün əməl etmirlər, bu da məhsuldarlığa və nəticədə qiymətlərə öz təsirini göstərir. Ona görə də istehsalı qoruyub saxlamaq üçün kənd təsərrüfatı sahəsinə stimulverici tədbirlərin görülməsinə ehtiyac var”.