IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası öz işinə başlayıb.
Bakı İdman Sarayında təşkil olunan sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya, Yunanıstandan Bosniya və Herseqovinadan nəşriyyat və poliqrafiya müəssisələri və digər müvafiq qurumlar iştirak edir.
100-dən artıq yerli nəşriyyat və bu sahə ilə əlaqəli qurumların iştirak etdiyi sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da təmsil olunur. Kitabxananın pavilyonunda Azərbaycan elmi, tarixi, ədəbiyyatı və mədəniyyətinə dair zəngin informasiyaları əks etdirən azərbaycan, rus və ingilis dillərində 200-ə yaxın kitab və çap məhsulu nümayiş etdirilir, videotəqdimat göstərilir.
Pavilyon ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sentyabrın 18-dək davam edəcək sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, bir sıra xarici ölkələrin milli kitabxanalarının saziş imzalama mərasimləri və musiqili təqdimatlar nəzərdə tutulur.
Sərgi cəmiyyətdə mütaliənin təbliği, kitabxanalara ictimai marağın artırılması, yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açır.
NİGAR