Qax məktəbliləri “İşıqlı gələcək üçün oxu” adlı fləşmob keçiriblər. Fləşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta məktəbdən erkən ayrılan qız uşaqlarına çağırış etmək olub.
Fləşmob “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində keçirilib.
“İşıqlı gələcək üçün oxu” və “Oxu” şüarları altında keçirilən fləşmoba Qax şəhər 2 saylı, Qax rayon İbaxlı və Qaratala kənd orta məktəbləri qatılıblar. Məktəblilər bu fləşmoba qatılmaqla respublikadakı qız yaşıdlarına təhsillərini yarımçıq qoymamaq, öz işıqlı gələcəklərini qurmaq üçün oxumaq mesajını veriblər.
QLUİB sözügedən fləşmob üçün Qax məktəblərini ona görə seçib ki, bu rayon respublikada təhsil sahəsində qabaqcıl yerlərdən birini tutur və burada qızların orta təhsildən yayınma halları demək olar yoxdur. Eyni zamanda, Qax məktəblərinin məzunlarının ali məktəblərə ümumilikdə qəbul faizi respublika üzrə ən yüksək göstəricilər sırasındadır. Hər il ali məktəblərə qəbul olunanların təqribən 65-70 faizi qızlar olur. Bu rayonda qızların erkən yaşda nikaha girmə faizi yox dərəcəsindədir.
Səxavət