FAO-nun baş direktoru: “Xroniki aclığı 2030-cu ilədək tamamilə aradan qaldırmaq olar”
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Xose Qraziano da Silva oktyabrın 16-da qeyd olunacaq Ümumdünya Qida günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
BMT İnkişaf Proqramının Bakı ofisindən verilən məlumata görə, o, dünyanın son onilliklərdə qlobal aclıq və yoxsulluqla mübarizədə həqiqi irəliləyişlər əldə etdiyini bildirib. Baş direktorun sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən monitorinqi aparılmış 129 ölkədən 72-si Minilliyin İnkişaf Məqsədlərinin “Zəif qidalanmanın yayılmasının 2015-ci ilədək yarıbayarı azaldılması” hədəfinə nail olub: “Eyni zamanda, inkişafda olan regionların kəskin yoxsulluq şəraitində yaşayan əhalisinin sayı 1990-cı ildə 43 faizdən bu il 17 faizədək əhəmiyyətli dərəcədə azalıb. Ancaq irəliləyiş qeyri-bərabər olub. Qlobal miqyasda 800 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Demək olar ki, 1 milyard insan kəskin yoxsulluq şəraitində yaşayır. Əsas nailiyyətlərə baxmayaraq, aclıq və kasıblıq hələ də bizimlə qalmaqda davam edir. İqtisadi inkişaf, xüsusilə də kənd təsərrüfatının inkişafı aclıq və kasıblığın dərəcəsinin azalmasında xüsusi rol oynayır. Lakin çox vaxt inklüziv (əhatəli) olmadığı üçün bu da yetərli olmur”.
Xose Qraziano da Silvanın sözlərinə görə, sosial-müdafiə tədbirləri aclıq və kasıblığın azaldılmasında uğurlu rola malikdir. O qeyd edib ki, təkcə 2013-cü ildə bu cür tədbirlər təxminən 150 milyon insanı kəskin kasıblıq vəziyyətindən çıxarıb: “Dünyanın kasıb və ac əhalisinin əksər hissəsi gündəlik tələbatını kənd təsərrüfatı vasitəsi ilə ödəyən kəndlilərdir. Onlar gəlirin əldə edilməsinə yönəlik fəaliyyətlərində az riskli, aşağı gəlirli yanaşmalardan istifadə edir, övladlarının təhsil və səhiyyə məsələləri üçün kifayət qədər maliyyə sərf etmir, kiçik aktivlərini satmaq, övladlarını işə cəlb etmək yaxud da xərcləri azaltmaq məqsədilə qidalanmanı azaltmaq kimi mənfi mübarizə strategiyaları qəbul etmək məcburiyyətində qalırlar. Beləliklə onlar daim sağ qalmaq üçün mübarizə rejimində olurlar. Kasıblıq və aclıq nəsillərarası və qaçılmaz bir problemə çevrilir”.
Baş direktor bildirib ki, sosial müdafiə tədbirləri həm təsərrüfatdaxili, həm də təsərrüfatdan kənar fəaliyyətlərin inkişafına, həyat şəraitinin gücləndirilməsinə və gəlirlərin artırılmasına səbəb olur, eyni zamanda uşaqların təhsilinə daha çox maliyyə qoyulmasına və uşaq əməyinin azaldılmasına təkan verir: “Pul vəsaiti şəklindəki sosial müdafiə yerli iqtisadiyyatda istehsal olunan məhsul və təklif olunan xidmətlərdən istifadəyə ehtiyacı olan kasıb təbəqənin alıcılıq qabiliyyətini artırır. Bu da yerli iqtisadi inkişafa müsbət təsir edir. Sosial müdafiə proqramları eyni zamanda icmalarına “pul üçün əmək fəaliyyəti” vasitəsilə tikilmiş suvarma sistemi kimi əhəmiyyətli infrastruktur və aktivlər qazandırır. Dünyadakı kasıb və ac əhalinin əksər hissəsinin kənd yerlərində yaşadığını və kənd təsərrüfatından asılı olduğunu nəzərə alsaq, sosial müdafiənin kənd təsərrüfatının inkişafı ilə uyğunlaşdırılması daha məqsədəuyğun görünür. Buna görə də FAO bu il Dünya Qida Gününün mövzusu kimi sosial müdafiə və kənd təsərrüfatını seçib. Kənd yerlərində kasıblığın illərlə davam edən zəncirini birdəfəlik qırmaq üçün dünya təcili və qətiyyətlə hərəkət etməlidir”.
Baş direktor qeyd edib ki, təhsildə və səhiyyədə siyasi öhdəliklər, adekvat maliyyələşmə, əməkdaşlıq və tamamlayıcı fəaliyyətlər bu xəyalı reallaşdırmaq üçün əsas elementlər olacaq: “Kənd yerlərinin inkişafı, kasıblığın azaldılması, ərzaq təhlükəsizliyi və qida ehtiyacları üçün siyasi və planlaşdırma çərçivələri hazırlamaqla, kasıblıq və aclığa qarşı mübarizədə kənd təsərrüfatı və sosial müdafiə tədbirlərinin birgə rolunu təşviq etmək olar. Sahib olduğumuz bilik və alətlərdən istifadə edərək xroniki aclığı 2030-cu ilədək tamamilə aradan qaldırmaq olar. Bu isə həqiqətən bayram üçün əsl səbəbdir”.
Naibə QURBANOVA