14 Oktyabr 2015 01:35
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) “ALİCE” Təcrübəsinin sədri, professor Paolo Ciubellinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AMEA Rəyasət Heyətində keçirilmiş görüşün əsas məqsədi Akademiya ilə CERN arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Nazim Məmmədov, həmçinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov iştirak ediblər.

Öncə AMEA prezidenti Akif Əlizadə qonaqlara Akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri, eləcə də AMEA ilə CERN arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə tədqiqatları sahəsində sözügedən təşkilatın təcrübəsinin Azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib.

Professor Paolo Ciubellino isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Qonaq Avropa Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyəti və Azərbaycanla əlaqələri, eləcə də Mərkəzin “ALİCE” Təcrübəsi haqqında ətraflı məlumat verib. Həmçinin bildirib ki, CERN-ə üzv dövlətlər öz ölkələrinin sənayesinin texniki və texnoloji inkişafı üçün çox dəyərli sifarişlər alırlar. İcra olunan yenilənmələr materialşünaslıq, texnika və texnologiyalar sahələrində sıçrayışlı irəliləmələri gerçəkləşdirən yeni kəşflərin tətbiqini labüd edir və bu sifarişləri icra edən şirkətlər ən qabaqcıl texnika və texnologiyalara sahib olurlar. Bu sahədəki fəaliyyəti təhlil edərək icra olunan layihələrdə iştirak etmək üçün Azərbaycanın texniki və texnoloji potensialına adekvat təkliflər hazırlamaqla sənayenin inkişafına çox dəyərli töhfə vermək mümkündür.

SEVİL


Müəllif:

Oxşar xəbərlər