Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına səmərəli inteqrasiyasının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu istiqamətdə növbəti tədbirlər kimi, ƏƏSMN-nin dəstəyi ilə Bakı şəhərinin Xətai rayonundakı 7 saylı uşaq tərbiyə müəssisəsindən 16 nəfər məhkum üçün kompyuter texnikasının təmiri ustası, 4 saylı cəzaçəkmə müəssisəsindən 11 nəfər və Qaradağ rayonundakı 8,12,13 saylı cəzaçəkmə müəssisələrindən 48 nəfər məhkum üçün aşbaz köməkçisi peşələri üzrə peşə hazırlığı kursları təşkil edilib.
Peşə təlimi penitensiar müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında aparılır. Kurslara cəlb olunan həmin şəxslər cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra yaşadıqları rayon və ya şəhərin məşğulluq orqanları tərəfindən onların qeyd olunan peşələr üzrə münasib işlərlə təminatına köməklik göstəriləcək.
Ötən il və cari ilin 9 ayında ƏƏSMN-nin dəstəyi ilə ümumilikdə 350 nəfər bu təbəqədən olan şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər ƏƏSMN tərəfindən minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ilə də təmin olunur. Hazırda ƏƏSMN-nin sifarişi ilə qeyd olunan şəxslər üçün Qobustan rayonunda inşa edilən Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi onların hüquqlarının, qanuni mənafelərinin qorunması və sosial adaptasiyası istiqamətində işləri yerinə yetirəcək.
Naibə QURBANOVA