17 Oktyabr 2015 13:51
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İstanbuldakı baş konsulluğu ölkəmizin tarixinə dair daha bir layihə üzərində işə başlayıb.

Baş konsul Həsən Zeynalov Azərtac-a müsahibəsində bildirib ki, bu layihə əsasında hazırlanan yeni tarixi kitab, indiyədək adı geniş ictimaiyyətə o qədər də məlum olmayan Hacı Cabbar Köməyin tarixi missiyasına həsr olunub. Araz Türk Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu barədə maraqlı məlumatların da daxil olduğu yeni kitabda Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyədə məskunlaşan həmyerlilərimiz, o cümlədən Azərbaycanın Türkiyədəki imicini daha da yüksəldən Hacı Cabbar Kömək barədə yeni-yeni faktlar, arxiv sənədləri öz əksini tapacaq.

Son illər mövzu ilə bağlı Türkiyə arxivlərindən çoxlu sənədlər topladığını bildirən baş konsul qeyd edib ki, 1869-cu ildə Naxçıvanın Şərur rayonunun Yengicə kəndində doğulan Hacı Cabbar Kömək Çanaqqala zəfərinin qazanılmasında, Naxçıvanın muxtar statusunun əldə olunmasında, eləcə də Türkiyə ordusuna maddi kömək göstərilməsində böyük bir missiya həyata keçirib. O, Türkiyədəki geniş xeyriyyəçi işlərinə, qardaş ölkədəki milli azadlıq mübarizəsinə dəstək naminə könüllü dəstələrin təşkilində böyük xidmətlər göstərib. Bütün bu xidmətlərinə görə Hacı Cabbar Kömək Türkiyə Cümhuriyyətinin banısı Mustafa Kamal Atatürk tərəfindən İstiqlal ordeni ilə mükafatlandırılıb. “Kömək” ləqəbini də ona məhz Mustafa Kamal verib. Təkcə bu iki fakt deməyə əsas verir ki, Hacı Cabbar Kömək Azərbaycan xalqının iftixar etdiyi tarixi şəxsiyyətlərimiz sırasında özünə layiqli yer tutduğu üçün onun həyat və fəaliyyəti dərindən tədqiq olunmalıdır.

Tarixi mənbələrdə yazılır ki, Mustafa Kamal tərəfindən Türkiyənin istənilən bölgəsində yaşamaq təklifi alan Hacı Cabbar Kömək deyir: “Qarsda qalmaq istəyirəm ki, Naxçıvandan gələn külək məni Azərbaycan havası ilə yaşatsın”. Bundan sonra Atatürkün şəxsi tapşırığı ilə Kazım Qarabəkir Paşa tərəfindən Hacı Cabbar Kömək üçün geniş bir mənzil ayrılıb, yaşaması üçün bütün zəruri şərait yaradılıb və Qarabəkir Paşa onun toyunda şəxsən iştirak edib.

Ömrünün sonuna qədər Qarsda yaşayan Hacı Cabbar Kömək 1948-ci ildə bu şəhərdə vəfat edib.


Müəllif:

Oxşar xəbərlər