21 Oktyabr 2015 15:35
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin nümayəndəsi: “Birgə aparılan işlər vacib məqsədlərə yönəlib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamla görüş olub.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədəki makroiqtisadi sabitliyin və dinamik tərəqqinin təmin olunması məqsədilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri barədə Olivier Adama ətraflı məlumat verib: “Təsadüfi deyil ki, dünyada kəskin böhran səbəbindən bir çox ölkələrin iqtisadi geriləmələrə məruz qaldığı dövrdə Azərbaycan maktoiqtisadi inkişafını uğurla davam etdirir. Cari ilin 9 ayında ölkədə ÜDM 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,4 faiz, əhalinin pul gəlirləri isə 5,8 faiz artıb, inflyasiya 3,7 faiz olub”.

Nazir 2004-cü ildən bəri 1,4 milyonadək, təkcə bu ilin 9 ayında 87 min iş yerinin açıldığı ölkəmizdə işsizliyin 5 faizədək, yoxsulluğun isə qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azaldığını bildirib: “Habelə gənclərin məşğulluğunun təminatında mühüm uğurlar əldə olunur və hazırda dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupu üzrə 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20 faiz olduğu halda, Azərbaycanda bu göstərici 13,5 faizdir. Dövlət məşğulluq orqanları tərəfindən də gənclərin iş yerləri ilə təminatı diqqətdə saxlanılır. Məsələn, bu ilin 9 ayında məşğulluq orqanlarının münasib işlə təmin etdiyi 22470 nəfərdən 9235 nəfəri (41%), peşə hazırlığına cəlb olunan 2776 nəfərdən 2094 nəfəri (75,4%), əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilən 3089 nəfərdən 1389 nəfəri (45%) gənclər olub. Bu dövrdə 72857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib”.

Əmək və sosial müdafiə sahəsində aparılan islahat barədə məlumat verən Səlim Müslümov hazırda 70 illiyi dünyada geniş qeyd edilən BMT-nin müvafiq qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib: “Belə təşkilatlardan biri olan BMT İnkişaf Proqramı ilə birgə müvafiq layihə çərçivəsində son illərdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaradılan SYSLAB Təlim Tədris Mərkəzlərində işsiz və iş axtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə, onların əmək bazarına inteqrasiyasına yönələn təlimlər aparılıb. BMT İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark da ötən ilin oktyabrında ölkəmizdə səfəri zamanı Sumqayıtdakı SYSLAB Təlim Tədris Mərkəzində olub, burada aparılan işlərdən məmnunluğunu ifadə edib. Layihənin icra müddətində həmin Mərkəzlərdəki təlimlərdə 452 nəfər işsiz və işaxtaran şəxs iştirak edib və təlimlərin müsbət nəticəsi kimi onlardan 80 faizi (360 nəfərə yaxını) müxtəlif dövlət və özəl təşkilatlarda özlərinə münasib iş yeri əldə ediblər”. Nazir bu və digər müvafiq iş sahələrində, habelə inkluziv əmək bazarının inkişafı sahəsində əməkdaşlığın davam etməsinin əhəmiyyətli ola biləcəyini vurğulayıb.

Olivier Adam BMT İnkişaf Proqramının ötən müddətdə Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını vurğulayıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aparılan işlərin vacib məqsədlərə yönəldiyini qeyd edən Olivier Adam müsbət nəticələr verən bu işlərin davam etdirilməsinə tərəfdar olduğunu bildirib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər