Oktyabrın 22-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən keçirilən “Təmiz Qala” layihəsi çərçivəsində Qala qəsəbəsində yerləşən 323 nömrəli məktəbdə şagirdlərə ustad dərsləri keçirilib.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ustad dərslərinin keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının və istifadəsinin mümkünlüyünün təbliğ edilməsidir.
Ümumiyyətlə, maarifləndirmə işləri çərçivəsində mütəmadi olaraq Qala qəsəbəsində yerləşən bağça və məktəblərdə mütəxəssislər uşaqlara tullantılar, onları azaltmaq və təkrar istifadə etmək barədə praktik təlimlər keçirilir.
Qeyd edək ki, “Təmiz Qala” layihəsi Qala qəsəbəsində bərk məişət tullantılarının toplanması, daşınması və utilizasiyası üzrə həyata keçirilən nümunəvi pilot layihədir. Belə ki, qəsəbədə tullantılar 2 fərqli konteynerlərdə – qida qalıqları yaşıl rəngli, qeyri-qida tullantıları isə göy rəngli konteynerlərdə toplanır və uyğun rəngdəki fərqli avtomobillərlə daşınır. Bu da çeşidləmə prosesi zamanı təkrar emala yararlı tullantıların ümumi kütlədən ayrılması dərəcəsini xeyli yüksəldir. Qala qəsəbəsində xidmət səviyyəsinin yüksəldilməsi üçün tullantı daşıyan maşınlara GPS qurğuları quraşdırılmış və daim nəzarət edilir. Vaxta və xərclərə qənaət etmək üçün xüsusi hazırlanmış proqram təminatı hər bir maşın üçün optimal marşrut müəyyən edir və məlumatlar sürücünün planşetinə yönləndirilir. Həmçinin, qaynar xətt vasitəsi ilə sakinlərin irad, şikayət və təklifləri qeydə alınır və araşdırılaraq müvafiq tədbirlər görülür.
Naibə QURBANOVA