Ekspert: “Məktəblərdə tibbi xidmət yoxdur, psixoloq xidməti qənaətbəxş deyil”
“Valideyn-Müəllim Assosiasiyası” (VMA) İctimai Birliyi “Təhsilin keyfiyyətinə ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsinin icrası ilə əlaqədar mətbuat konfransı keçirib. VMA-nın 33 yerli filial rəhbərlərinin də iştirak etdiyi tədbirdə birliyin sədri Təranə Şərifova bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm məsələlərdən biri də valideynlərin maariflənməsidir: “Çünki dövlət və cəmiyyətin inkişafında məktəblərlə yanaşı, geniş dünyagörüşə malik valideynlərin də rolu az deyil”.
O qeyd edib ki, layihənin məqsədi məktəblərə ictimai nəzarət mexanizmlərini gücləndirməklə təhsilin keyfiyyətini yüksəltmək, maarifləndirici görüşlərlə valideynlərin təlim-tədris və tərbiyə proseslərində fəaliyyət və məsuliyyətlərini artırmaq, davamlı pedaqoji təliminə nail olmaqdır.
Layihənin eksperti Şahin Rəcəbovun sözlərinə görə, təhsilin keyfiyyətinə ictimai dəstək məqsədi ilə regionlarda - Qusar, Lənkəran, Astara, Masallı, İsmayıllı rayonlarının, eləcə də Bakının 64 və 21 saylı tam orta məktəblərində valideyn məsuliyyəti, ailə mədəniyyəti, uşaqlarla davranış, valideyn-müəllim-şagird əməkdaşlığı, məktəb-ailə münasibətləri mövzuları üzrə 10 ictimai maarifləndirmə görüşləri, məktəblərə ictimai monitorinqlər keçirilib, mövcud durum və təhsilin keyfiyyətinə dəstək imkanları dəyərləndirilib.
Məktəblərdə “Valideyn məsuliyyəti” bukletləri paylanılıb, təkliflər nəzərə alınmaqla Valideyn Təlim Mərkəzinin təşəbbüs qrupları formalaşdırılıb.
Ekspert deyib ki, Azərbaycan Konstitusiyası və “Təhsil haqqında” qanunun bir neçə maddəsindən valideyn məsuliyyət bəndini çıxmaqla, nə Ailə Məcəlləsində, nə də digər qanunvericilik aktlarında valideynlərin uşaq üzərindəki məsuliyyətini göstərən normativ hüquqi sənəd yoxdur. Qanundakı bu boşluqlar isə valideynlərin məsuliyyətini azaldır və onlar uşaqların həyatındakı rolu dəyərincə qiymətləndirə bilmirlər: “Odur ki, qanunvericilikdə valideyn məsuliyyətini nəzərdə tutan müddəalar artırılmalı, uşaqların hüquqları qorunmalıdır”.
Şahin Rəcəbovun sözlərinə görə valideyn məsuliyyəti mövzusu görüş iştirakçıları arasında maraqlı müzakirələrə səbəb olub, interaktiv şəraitdə keçirilən tədbirdə şagirdlər valideynlərə birbaşa canlı müraciətlər ediblər. Valideynlər və müəllimlər tərəfindən təlim-tədris və onun keyfiyyəti ilə bağlı əhəmiyyətli təkliflər irəli sürülüb:
“Valideynlər bir çox məsələləri diqqətə gətirdilər. Bildirdilər ki, dərslər ağır yüklüdür, dərs bölgüsünə, hazırlaşma, asudə vaxt, istirahət və digər qayğılar üçün uşağın vaxtı qalmır. İki növbəli dərs rejimi uşaqların fəaliyyət psixologiyasına, aktiv həyat fəaliyyətinə maneə yaradır və dərslərinin vaxtında hazırlanmasında çətinlik yaradır.
Kitab və iş dəftərləri çoxdur, məktəb çantaları ağırdır, bu uşaqların əzələ-sümük inkişafında deformasiyalar yaradır, ürək-damar xəstəliklərini artırır.
Valideynlər təmir olunmamış məktəblərdə istilik, sanitar-gigiyena, su təchizatı, tibbi xidmət kimi uşaq sağlamlığına zərər gətirəcək problemlərdən narahatdırlar. Bəzi məktəblərdə tibbi xidmət belə yoxdur. Psixoloji xidmət qaneedici deyil.
Valideynlər bəzən dərslərin buraxılmasından, dərsin keyfiyyətindən, dil biliklərinin zəif tədrisindən, repetitorluğun inkişafından narahatdır".
Valideynlərin irəli sürdükləri məsələlərə tədbir iştirakçıları da münasibət bildiriblər. VMA-nın yerli filial rəhbərləri çıxış edərək səslənən iradlarla bağlı faktlar səsləndiriblər.
Təranə Şərifova kənd məktəblərində nümunəvi faktların şahidi olduğunu da vurğulayıb: “Masallı rayonundakı məktəbdə təcrübəli ibtidai sinif müəlliminin təcrübəsindən yararlanmaq üçün gənc kadrlara interna keçilir”.
Qeyd olunub ki, məktəblərdə tibbi xidmətin olmaması ciddi problemlər yaradır. Təranə Şərifova: “Məktəblərdə tibbi xidmət üzrə ştat yoxdur. Yalnız VMA olan, valideynlər aktiv olan məktəblərdə onların vəsaiti hesabına məktəbə tibbi ləvazimat alınır. Qəbələ rayonun Vəndam kənd orta məktəbində sinifləri isitmək üçün odun qıranda uşaqlardan birinin əlinə balta dəyib, məktəbdə tibbi xidmət olmayıb, kənddə də məntəqə açıq deyilmiş, uşağı rayon xəstəxanasına aparıblar. Ona görə də Təhsil Nazirliyinin xətti ilə məktəblərdə tibbi ştat açılmalıdır”.
Şahin Rəcəbov Valideyn Təlim Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu mərkəzin yaradılması valideynlərin pedaqoji maariflənməsinə kömək edər, müəllimin işinin keyfiyyətini yüksəldər, ailədə təhsilin davamlılığının təmin olunmasına yardım edər: “Uşaqlarla düzgün rəftarı və tərbiyənin qurulması yollarını öyrədər. Ailə daxili münasibətlərin düzgün inkişafına, ailədə valideynlərin bir-biri ilə və uşaqlarla düzgün qarşılıqlı münasibətlərin necə qurulmasına dair təsəvvür formalaşdırar, ailədaxili münaqişələrin həllində valideynlərə psixoloji yardım göstərər”.
Sonda bildirilib ki, Valideyn Təlim Mərkəzinin yaradılması və təhsilin keyfiyyətinin artırılmasında valideynlərin roluna dair təkliflər hazırlanaraq Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara veriləcək.
Sevil Hilalqızı