Ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq olundu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 3-dən başlayaraq, Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 3-dən başlayaraq, dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.