3 Dekabr 2015 17:33
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ölkə arasında memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviya Respublikasının rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin fəaliyyət sahələri, əmək münasibətlərinin elektron qeydiyyat sisteminin tətbiqi sahəsində əldə olunmuş uğurlu təcrübə barədə məlumat verib. Nazir sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron əsaslar üzərində avtomatlaşdırılması işlərindən bəhs edərək, habelə elektron xidmətlərin göstərilməsi, əlilliyin müəyyən olunması meyarlarının beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara toxunub: “Biz digər ölkələrlə olduğu kimi, Latviya ilə ikitərəfli əməkdaşlığımızda da bu sahələrlə bağlı qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılmasına xüsusi önəm veririk”.

Səlim Müslümov əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi, habelə onların yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim olunması sahəsində aparılan işləri də qeyd edərək, ölkəmizdə dövri olaraq həmin insanların yaradıcılıq sərgilərinin təşkil edildiyini bildirib: “Qarşıdakı dövrdə Azərbaycandakı əlilliyi olan şəxslərin Latviyada və həmin ölkədəki əlilliyi olan şəxslərin Azərbaycanda yaradıcılıq sərgilərinin keçirilməsi bu təbəqədən olan insanların yaradıcılıq nümunələrinin daha geniş məkanda təqdim olunması baxımından əhəmiyyətli olardı. Belə tədbirlər əlilliyi olan insanların yaradıcılıq əzmini daha artırmağa əlavə stimul verə bilər”.

Uldis Augulis Latviyada da əmək və sosial müdafiə sistemində mühüm islahatların aparıldığını və müsbət təcrübələrin olduğunu bildirib. O, hər iki nazirlik arasında əməkdaşlığın, eləcə də təcrübə və məlumat mübadilələrinin ümumi işlərdə uğurlu nəticələr üçün yaxşı əsas yaradacağını vurğulayıb.

Uldis Augulis əlilliyi olan şəxslərin yaradıcılıq sərgilərinin qarşılıqlı olaraq Azərbaycanda və Litvada təşkili ilə bağlı təklifi də müsbət dəyərləndirib.

O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu və bunun üçün səylərin göstərildiyini vurğulayıb. Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahat tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən Uildis Augulis Latviyanın əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində təcrübəsi barədə məlumat verib. O, qeyd olunan sahələrdə hər iki nazirlik üçün ortaq maraq kəsb edən məsələlərin mövcud olduğunu bildirib, aidiyyəti fəaliyyət sahələrində əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyətli olacağını fikirlərinə əlavə edib.

Daha sonra nazirlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.

Memorandum əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun dəstəklənməsi, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, peşə və ixtisas standartlarının hazırlanması və tətbiqi sahələrində əməkdaşlıq istiqamətlərini nəzərdə tutur. Sənəddə həmçinin işsiz və işaxtaran vətəndaşlar üçün peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin sosial problemlərinin və məşğulluq məsələlərinin həlli, onların peşə reabilitasiyasının təşkili, gənclərin məşğulluğu, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, sosial xidmətlər, sosial tərəfdaşlıq sisteminin inkişafı və digər əməkdaşlıq istiqamətləri əksini tapır.

Memoranduma uyğun olaraq, əməkdaşlıq əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin və normativ sənədlərin, sosial-əmək məsələləri üzrə analitik-informasiya materiallarının və elmi tədqiqatların nəticələrinin mübadiləsi, tərəflərin ekspertləri arasında məsləhətləşmələr və s. formalarda həyata keçiriləcək. Sənəddəki müddaəların həyata keçirilməsi məqsədilə tərəflərin ictimai əsaslarla İşçi qrupları yaratmaları da nəzərdə tutulur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər