14 Dekabr 2015 13:54
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “91-lər”dən olan sabiq millət vəkili Zakir Sərdarovun vəfat günüdür.

İstər elmi araşdırmaları, istərsə də deputat fəaliyyəti ilə Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində xidmətləri olan bu şəxsin anım günündə millət vəkili Zahid Oruc yazı ilə çıxış edib.

Teleqraf.com həmin yazını təqdim edir:

“1992-ci ilin noyabrında Heydər Əliyevi dəstəkləyən siyasi partiyanın - Yeni Azərbaycan Partiyasının təməlləri atılanda bu qurumu elan edənlərdən biri də dəyərli ziyalı, istedadlı alim Zakir Sərdarov idi.

Zakir Sərdarov keşməkeşli ağır zəhmətə söykənən qayğılı ömür yolu keçsə də, inadkarlığı, əzmi sayəsində həyatda çox şeyə nail oldu. Tükənməyən arzularının reallaşması üçün bir an belə dincliyin nə olduğunu bilmədi.

Zakir Sərdarovun ən yaddaqalan və xoş xasiyyəti isə peşəkarcasına bir işin öhdəsindən gəlməyi idi.

O, Milli Məclisdə Respublikamızın müqəddəratı ilə bağlı hər hansı bir məsələnin həllində və müzakirəsi zamanı özünün düzgün mövqeyi ilə seçilirdi.

O, əsl vətəndaş və ictimai-siyasi xadim idi. Həyatda varkən rəhmət qazanmaq ən böyük sərvət sayılır. Allahdan bu savabın sahibi olan Zakir Sərdarova bir daha rəhmət diləyirik. Doğurdan da bu cür xüsusiyyətlərə sahib olan Zakir müəllimi hamı qəbul edir və hörmət edirdi.

Çirkin oyunlardam kənarda qaldığına, öz mövqeyini hər zaman qoruyub saxladığına görə Zakir Sərdarov hamının gözünə dik baxa bilirdi.

Ömrünün son günlərini qanunlarımızın işlənib hazırlanmasına sərf edən, dövlətimizin, dövlətçiliyimizin qorunub saxlanmasında öz məsuliyyətini dərk edən, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyən, ondan bəhrələnən, vətənə, torpağa, xalqına bağlı ictimai-siyasi xadim – Zakir Sərdarov Zakir Sərdarov 1943-cü il dekabrın 31-də qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqtəpə kəndində qulluqçu ailəsində anadan olub.

Aldığı mükəmməl təhsil Zakir müəllimi bütöv şəxsiyyət kimi fomalaşdırmışdı. O, 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. Yaradıcılıq həvəsi olduğundan gənc yaşlarında "Xəzər dənizçisi" qəzetində əmək fəaliyyətinə başlayıb.

Tanıyanlar deyirlər ki, Zakir Sərdarovu elə institut illərindən pinsipial, çalışqan, əqidəli, sözübütöv şəxsiyyət kimi görüblər.

Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş Zakir Sərdarov bir il Salyan rayonunda müəllim işləyib. Yazıb-yaratmaq həvəsi günü-gündən artan Z.Sərdarov tezliklə əyalətdən Bakıya gəlib.

1969-1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. 1971-1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində yazıb-yaradıb, daim ictimai problemləri vicdanlı sözlə qələmə alıb, haqqı əzilənin tərəfini verməyib.

Daha sonra məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləməyə başlayıb.

1982-ci ildə “SSR-nin Bolqarıstan Xalq Respublikası ilə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığına Azərbaycan SSR-nin töhfəsi” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

Elmi işini əzmlə davam etdirən Zakir müəllim müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli faktları, sənədləri üzə çıxarıb. Bunların əsasında 3 kitab, 150-dən artıq elmi məqalə qələmə alıb. O, məqalələrində erməni separatizminin iç üzünü açmağa da çalışıb.

Zakir Sərdarovun elmi kadrların hazırlanmasında xidmətləri olub.

Zakir Sərdarov hələ 80-ci illərdən məkrli erməni yalanlarına qarşı çıxan, əsərləri ilə erməni yalanlarını təkzib edən alimlərdən idi. Vətənpərvər alim ermənilərin qədim türk yurdu İrəvana və Qarabağa köçürülmə xalq olduğunu yazır, imperiya ideoloqlarının siyasətini ifşa edirdi.

1990-cı illərdə Sovet imperıyasının işğalçılıq siyasətinə qarşı çıxdıqlarına görə, o zaman Bakı şəhərinin hərbi komendantı, polkovnik Valeri Bünyadov Zakir Sərdarovu, Səfyar Musayevi, Fərəməz Maqsudovu iki günlük həbs etdirib.

Qeyd etdiyimiz kimi, Zakir Sərdarov Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib. Heydər Əliyevə müraciət imzalamış “91-lər”dəndir. Həyat fəaliyyətindən də məlum olur ki, o, qatı Heydər Əliyevçi olub. Heydər Əliyev Naxçıvanda olduğu zamanlarda dəfələrlə onun yanına gedıb, məsləhətlər alıb.
O, vaxtilə Milli Məclisin qarşısında yaş senzinin aradan qaldırılması üçün keçirilən mitinqlərdə fəal iştirak edib.

1995-ci ildə Heydər Əliyevin siyasi iradəsi ilə ölkənin Konstitusiyası qəbul edildi, ümumxalq səsverməsi ilə seçilmiş müstəqillik dövründə Milli Məclisin ilk tərkibi seçildi. Zakir Sərdarov da birinci cağırış parlamentə 24 saylı Nəsimi dairəsindən üzv seçildi.

O, millət vəkili kimi də fəallıq göstərib, seçicilərinin problemlərinə daim yardımçı olub. Zakir Sərdarov Milli Məclisin tribunasından, deputat mandatının verdiyi imkanlardan yalnız dövlətçiliyin güclənməsi, Heydər Əliyev ideyalarının yayılması üçün istifadə edib, şəxsi problemlərini heç zaman qabartmayıb”.







Müəllif:

Oxşar xəbərlər