Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi ilə bağlı qanun layihəsi üzərində iş aparılır. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bununla bağlı ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir: “Orta Asiya ölkələrində, Avropa ölkələrində də belə təcrübə var. Hazırda bu təcrübələri öyrənirik, məsləhətləşmələr aparırıq”.
O, qeyd edib ki, qanun lahiyəsində qəbirlərin ölçüləri, forması ilə bağlı bir sıra məsələlər nəzərdə tutulur: “Qanunun tətbiqindən sonra kimliyindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hər kəsin qəbri eyni olacaq. Dəbdəbəli qəbir daşlarının qoyulmasına yol verilməyəcək”.
Komitə sədri əlavə edib ki, qəbiristanlıqlara nəzarət funksiyasının bələdiyyələrə verilməsi nəzərdə tutulur.