6 İyun 2014 12:10
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçimi nəticəsində plan yerləri 81 faiz dolub.

Teleqraf.com-un xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, magistraturaya qəbul 59 proqram üzrə aparılıb. Bunlardan 9 proqram üzrə vakant yerlər tam 100 faiz dolub.

12 proqram üzrə magistraturaya qəbul imtahanının II mərhələsində iştirak edən insanların ixtisas seçiminin hamısı qəbul olub: “Bu proqram üzrə boş yerlər olsa da, iddiaçılar yoxdur. Ali təhsil müəssisələrinin magistaturasına qəbul olanlar iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bu ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Məzunların hələlik diplomu yoxdursa, qeydiyyatdan keçmək üçün arayış gətirməlidirlər. Onların iyun ayında dövlət imtahanları, diplom müdafiəsi var və bu proses iyunun 25-dək davam edəcək.
Magistraturaya qəbul olanların qeydiyyat prosesi də iyunun 25-dən iyulun 10-dək çəkəcək. Bu müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər”.

TQDK sədri qeyd edib ki, ali məktəblərin magistratura səviyyəsinə qeydiyyat başa çatdıqdan sonra qəbul imtahanı zamanı və qeydiyyat nəticəsində boş qalan yerlər cəmlənəcək.

Onun sözlərinə görə, bu il ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanı nəticələrinin də avqustun 10-dək elan olunması nəzərdə tutulur: “Təxminən avqustun 10-da ali məktəblərin bakalavar pilləsinin boş qalan yerlərinə elan verilən zaman magistraturanın boş qalan plan yerlərinə də qəbul aparılacaq. Bu il magistraturaya qəbul imtahanının II mərhələsində 9809 nəfərdən 5126 nəfəri qəbul olunub. 2371 nəfərin boş yerlər elan olunandan sonra II dəfə boş qalan yerlərə müsabiqədə iştirak etmək şansı var”.

Bu il magistraturaya ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Onlarrdan 3431 nəfəri ali təhsil müəssisələrinin builki, 1695-i isə əvvəlki illərin məzunudur.

Qəbul olanların 2101-i oğlan, 3025-i isə qızdır.

Sevil HİLALQIZI


Müəllif: