Manatın dollara nisbətdə yeni məzənnəsinə uyğun olaraq, dövlət tərəfindən tənzimlənən dərman preparatlarının qiymətlərinə yenidən baxılacaq.
Bu barədə Trend-ə Tarif (qiymət) Şurasından bildiriblər.
Şuradan deyiblər ki, dərman preparatlarının qiymətləri 10 əsas ölkədəki - Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya - qiymət əsasında formalaşır: "Dərmanlar xarici valyutada alınır, buna görə də qiymətlərə yenidən baxılmasına ehtiyac var".
Qeyd edək ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 2282 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.