24 Dekabr 2015 13:29
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dövrlərdə baş verən iqtisadi-siyasi proseslər sosial müdafiə siyasətinə də yenidən baxılaraq dəqiqləşdirmələr aparılmasını tələb edir. Yeni müstəqillik qazanmış, üstəlik müharibə şəraitində olan, məcburi köçkün və qaçqın problemi ilə üzləşmiş bir ölkə üçün müəyyən çətinliklər qaçılmazdır. Lakin Azərbaycanda sosial müdafiə sahəsində aparılan uğurlu siyasət bu problemləri minimuma endirib.

2003-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin yeni çağırışlara uyğun olaraq bu siyasəti tətbiq etməsi ölkədə sosial firavanlığın təminatı sahəsində mühüm tarixi nailiyyətlərin qazanılmasına, əhalinin rifah halının yüksəlməsinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olub.

Həyata keçirilən işlərin uğurunu görmək üçün təkcə bu ilin sosial müdafiə sahəsindəki statistik göstəricilərə baxmaq kifayət edir. Ötən illərdə reallaşdırılan işlərin davamı olaraq 2015-ci ilin ötən dövründə mühüm sosial proqramlardan olan ünvanlı dövlət sosial yardımı proqramının icrası nəticəsində belə yardım alan ailələrin sayı 22900 ailə (99636 nəfər ailə üzvü) və ya 16,7 faiz azalıb və hazırda 498410 nəfər ailə üzvünü əhatə edən 114050 ailəyə hər ay orta hesabla 153 manat ünvanlı sosial yardım ödənilir.

Dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası ölkəmizdə ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılmış infrastrukturu artıq hazırdır və mükəmməl proqram təminatları əsasında qurulan bu elektron sistem sınaq testləri əsasında təkmilləşdirilir.

Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət

Ölkə başçısı dəfələrlə Qarabağ müharibəsi veteranlarının və əlillərin problemlərinə diqqət çəkib. Bu kateqoriyadan olan on minlərlə insanın sosial təminatının yaxşılaşdırıldığını vurğulayıb. İlham Əliyev son çıxışlarından birində dünyada baş verən iqtisadi proseslərin bu təbəqədən olan insanların rifahının yaxşılaşdırılması yönündə aparılan işlərə təsir etməyəcəyini deyib: “Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulub. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcək”.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri də uğurla yerinə yetirilir. Cari ilin ötən dövründə bölgələrdə tikilən 375 fərdi yaşayış evindən inşası yekunlaşan evlərin, habelə ayrı-ayrı şəhərlərdə hazır yaşayış binalarından alınaraq təmir etdirilən mənzillərdən təmiri başa çatanların istifadəyə verilməsinə başlanılıb.

Habelə Tərtər rayonunda 54 mənzilli yaşayış binası həmin insanlara təqdim olunub. Yəni bu ilin ötən dövründə artıq 150-dən çox müharibə əlili və şəhid ailəsi yeni mənzillə təmin olunub. Bu istiqamətdə işlər davam etdirilməklə, Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binaları da tikilir.

Müharibə əlilləri və onlara bərabər tutulanların minik avtomobilləri ilə təminatında da mühüm addımlar atılır. Son bir ayda bu kateqoriyalardan olan daha 300 nəfərə minik avtomobili verilib. Ümumilikdə indiyədək dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunan 5650 nəfər imtiyazlı şəxsin 32,4 faizinə, yəni 1833 nəfərinə keçən il və cari ilin ötən dövründə avtomobil təqdim edilib.

Dövlət başçısının göstərişi ilə Qarabağ müharibəsi veteranlarının, əlillərin problemləri sosial proqramlar əsasında həll olunur. Bu proqramlarda onların mənzil-məişət məsələləri də ön plandadır. Yeni mənzillər inşa edilib və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib.

Buna görə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlət hesabına mənzillə, minik avtomobillərilə təmin olunmalarını, təqaüdlərinin artırılmasını, həyatlarının ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirərək, onlara belə böyük sevinc bəxş etdiyinə və daim hərtərəfli diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər.

Bu ilin 9 ayı ərzində respublika əhalisinin 4,4 faizi, yəni 427284 nəfərin aylıq və sosial müavinətlə təmin olunub, onlardan 344070 nəfərinə (80,5%) aylıq, 83214 nəfərinə (19,5%) isə birdəfəlik sosial müavinət ödənilib.

Qeyd olunan dövrdə ölkədə 53962 nəfərə Azərbaycan Prezidentinin aylıq təqaüdləri verilib. Ümumilikdə hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə aylıq və birdəfəlik sosial müavinət alanların sayı 6039 nəfər (1,4%), Prezidentin aylıq təqaüdləri ilə təmin olunanların sayı isə 3066 nəfər (6%) artıb.
Ümumiyyətlə, cari ilin 9 ayında sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4% çox vəsait yönəldilib.

Reabilitasiyaya cəlb olunanlar, xaricə müalicəyə göndərilənlər...

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da sosial siyasətin priotitet istiqamətlərindən olub. “2015-ci il ücün əlillərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı cərcivəsində cari ilin yanvar-sentyabr aylarında 400 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 nəfər və ya 18,7 faiz çoxdur.

Hesabat dövründə 14 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə, 39 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım formasında köməklik göstərilib. 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidi ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxsə, 15 Sentyabr - Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa görə həmin ailələrə birdəfəlik maddi yardım ödənilib.

Ümumilikdə bu dövrdə 4484 nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib. Həmçinin imtiyazlı şəxslərə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz çox, yəni 2526 ədəd sanator-kurort putyovkası (yollayışı) verilib, 1005 nəfər əlilliyi olan şəxsin sağlamlıq-istirahət mərkəzlərində istirahəti təşkil olunub.

Eyni zamanda, cari ilin ötən dövründə keçən illə müqayisədə 52,1 faiz çox, yəni 245 nəfərin, o cümlədən 115 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşayiəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricə bərpa müalicəsinə göndərilməsi, Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa müalicə kursu keçməsi təşkil olunub.

Demoqrafik inkişafa dəstək

Ölkənin demoqrafik vəziyyətinin inkişafı məsələsi də hər zaman diqqət mərkəzində olub. Ölkə rəhbəri tərəfindən 27 dekabr 2013-cü il tarixdə imzalanan “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərman isə respublikada demoqrafik inkişafın stimullaşdırılması və çoxuşaqlı ailələrin dəstəklənməsi yönündə daha bir addımdır. Fərmana uyğun olaraq, beşdən çox uşağı olan qadınların ümumilikdə 5300 nəfərdən çox uşağın hər birinə görə ayda 30 manat müavinət ödənilir.

Ahıllara göstərilən qayğı

Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri də əsaslı şəkildə artırılıb. 2014-cü il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Bununla yanaşı, 30 aprel 2014-cü il tarixli Sərəncamla Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği 2014-cü ilin may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.

Ahılların müdafiəsi məqsədilə1068 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib.

Hazırda respublikamızda 12 569 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 10 251 nəfərdən çoxu 70 yaşdan yuxarıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır. Bilgəh müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) son illər beynəlxalq təcrübədən irəli gələn meyarlara cavab verən infrastruktur yaradılıb. Burada tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təminatı həyata keçirilir və onların asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait mövcuddur.

Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də davamlı tədbirlər görülür.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər