Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun ötən il ərzində gördüyü işlərə dair hesabat-konfransı və Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri, o cümlədən QHT nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açmış Fərhad Hacıyev Prezident İlham Əliyevin dəstəyi ilə atılan addımlar sayəsində ölkədə gənclər sahəsində bir çox nailiyyətlərin qazanıldığını vurğulayıb.
O, 20 il öncə Azərbaycanın bu gün ilə müqayisədə tam başqa ölkə olduğunu bildirib: "Prezident İlham Əliyevin siyasəti sayəsində ölkədə gənclər üçün hər cür şərait yaradılıb".
Daha sonra Fondun aparat rəhbəri Faiq Qürbətov qurumun yaradıldığı vaxtdan günümüzə qədər gördüyü işlər barədə hesabatı təqdim edib.
O, Gənclər Fondunun 4 il ərzində 7 qrant müsabiqəsi keçirdiyini bildirib. F.Qürbətov Fond tərəfindən 2333 layihəyə dəstək verdiyini qeyd edib.
Daha sonra tədbir gənclər və idman nazirinin müavini İntiqam Babayevin nitqi ilə davam edib.
O bildirib: " 20 il ərzində gənclər siyasəti sahəsində mühüm nailiyyətlər əldə edilib. Gənclər və İdman Nazirliyi yarandığı ilk gündən gənclər təşkilatlarını dəstəkləyib. Biz ilk dövlət qurumu olaraq gənclər təşkilatları üçün qrant verdik. Gənclər Fondunun yaranmasından sonra bu sahəyə mühüm dəstək olub. İndi Azərbaycanın hər bir bölgəsində gənclərimiz ya təşkilatlarda birləşərək öz asudə vaxtlarını boş keçirmirlər. Bu gün ölkədə gənclər siyasəti tam intensivləşib. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin fikirlərinə önəm verir, onların təşəbbüslərini dəstəkləyir".
Deputat Fuad Muradov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə daim önəm və diqqət verdiyini bildirib. O, Prezident İlham Əliyevin gənclərlə son görüşünün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbir digər iştirakçılarının nitqi ilə davam edib.
İlhamə