9 Fevral 2016 23:52
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə görüşdə ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Prezidentin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Prezidentin 10 noyabr 2015-ci il tarixli 1516 nömrəli sərəncamından irəli gələn vəzifələr təhsil müəssisələrinin əməkdaşlarına izah olunub.

Bildirilib ki, sərəncama müvafiq olaraq, Nazirlər Kabinetinin qərarı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydası” təsdiq olunub. Yeni qaydalara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.

Birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Bu, aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.

Sadalananlarla yanaşı, yeni qaydalar təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq.

Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər