23 Fevral 2016 10:50
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə sonu “Qafqaz” Otelləri Qrupunun dəstəyi ilə aparıcı media qurumlarının bir qrup əməkdaşının Qəbələyə infoturu təşkil olundu. Azərbaycanın ən müasir və peşəkar otel brendlərindən olan “Qafqaz” otellərinin ev sahibliyi və sponsorluğu ilə baş tutan səfərin məqsədi bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 oteli olan “Qafqaz” Otelləri Qrupu barədə ətraflı məlumat əldə etmək, otellərin imkanlarına bələd olmaq idi. Yazıya başlamazdan öncə Xəyal Məmmədxanlıya və Ruhiyyə Yolçuyevaya minnətdarlığımı bildirirəm. Ümidvaram ki, onların təşkil etdikləri bu səfərin, çəkdikləri əziyyətin turizmin inkişafına mühüm töhfəsi olacaq...

Fərqli gün

Ümumiyyətlə, həftə sonları demək olar ki, ya həftə ərzində yığılmış işlərlə məşğul olur, ya da ailəyə vaxt ayırmağa çalışıram. Yəni həftə sonları üçün vacib olmadığı halda kiməsə vəd vermirəm. Ötən həftə isə şənbə və bazar günləri üçün Qəbələyə səfər barədə təklif gələndə ilk olaraq tərəddüd etdim. Fikirləşdim qış günündə mən burada fərqli nə görəcəm, necə əylənəcəm ki... Dumanlı, qarlı havada iki günümü otel otağında vaxtımı boş keçirmək istəmədim. Amma uzun müddətdir ki, görmədiyim dostların səfərdə yer aldığını gördükdən və həmkarım Tural Tağıyevin israrından sonra həftə sonu üçün Ruhiyyə Yolçuyevaya vəd verdim. Onu deyim ki, səfər məsələsi gələndə hər zaman nədənsə bunun müxbirlərin daha çox haqqı olduğunu düşünmüşəm. Fikirləşmişəm ki, bu qurumların il boyu cəfasını onlar daha çox çəkir və səfasını da onlar sürməlidir. Amma bu dəfə bizdən hansısa müxbirin Qəbələyə getməməsi mənim önümü açdı.

Elə səhər-səhər qeyd olunmuş məkana toplaşdıqda çoxdankı tanışları, həmkarları görməyim "yaxşı ki, həftəsonu üçün bu səfərə vəd vermişəm" deyə düşünməyimə səbəb oldu. Özüm o qədər danışan olmasam da, yolboyu yaxşı kollektiv, şən zarafatlar, maraqlı müzakirələr səfəri daha maraqlı, rəngarəng edirdi. Məhz belə xoş anların, həmkarım Rufik İsmayılovun dərin analiz tələb edən siyasi söhbətlərinin fonunda bir də gözümüzü açdıq ki, artıq Qəbələdəyik. Yorucu Bakı səs-küyündən uzaqda, ürəyə yaxın insanlarla bir arada olmaq və sakit, qarlı hava isə mənim günümü artıq fərqli etmişdi. Amma bu, hələ başlanğıc idi, çünki daha xoş anlar, insanın öz ölkəsindən qürurlandığı, fəxr edəcəyi məqamlar qarşıdadaydı...

Naftalan nefti və peşəkar həkimlər, müalicəvi mineral su Qəbələdə

Qəbələdə ilk dayanacağımız Yengicə kəndinin ərazisində yerləşən “Qafqaz Yengicə Termal Hotel və SPA” müalicə-istirahət kompleksidir. Prezident İlham Əliyev 22 sentyabr 2014-cü ildə açılışını etdiyi bu kompleksin bütün xidmətləri ilə yaxından tanış olduq. Müxtəlif çeşidli yüksək xidmətlərin göstərildiyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda 9 hektar sahədə inşa edilib. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Oteldəki 60-dan artıq nömrədə rahat istirahət üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur. Otel rəhbərliyi uşaqları da unutmayıb və onların istirahəti, əyləncəsi, darıxmaması üçün lazımi şərait yaradılıb. Mərkəzdə vaxtın səmərəli keçirilməsinə görə xüsusi idman zalları var ki, burada təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar istirahət imkanlarını daha da artırır.

Otelin ən cazibədar tərəflərindən biri isə burada isti su vannaları ilə yanaşı naftalan vannalarının mövcudluğudur. Araşdırmalar, kimyəvi və tibbi yoxlamalar oteldə təqdim edilən mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübuta yetirib ki, bu da öz növbəsində mərkəzin əhəmiyyətini daha da artırır. Naftalan neftinə gəldikdə isə, hər halda onun faydalarından danışmaq artıq olar. Çünki Naftalan neftinin müalicəvi əhəmiyyəti hər kəsə bəllidir. Qəbələnin məsafə baxımından Bakıya daha yaxın və əsrarəngiz təbiət qoynunda olması Naftalan nefti və mineral su ilə müalicə olunmaq istəyən insanları buraya cəlb edən amillərdəndir. Sözün həqiqi mənasında, təbiətin sakit guşəsində, Yengicə isti su mənbəyində yerləşən otel şəhər stresindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkandır. Yay aylarında balıq həvəskarları üçün otel xüsusilə maraqlıdır. Otelin ərazisində yaradılan göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövq olsa gərək.

“Qafqaz Yengicə Termal Hotel və SPA” mərkəzində xidmət göstərən yüksək hazırlıqlı heyətin əksəriyyətinin yerli kadrlar olması sevindiricidir. Otelə daxil olan zaman istər burada göstərilən yüksək xidmət, istərsə də yaradılan şərait hansısa bir dağ kəndində olmağınızla sanki ziddiyət təşkil edir. Fikirləşməyə bilmirsən ki, qısa zaman kəsimində ucqar bir kənddə yerli kadrlardan ibarət müxtəlif dilləri bilən, belə peşəkar, gülərüz, şirindil kollektiv necə formalaşdırılıb. Amma Azərbaycanda turizm sektoru yeni olmasına baxmayaraq, artıq Qəbələdə bu üstün imkanlar yaradılıb. Müalicə olunmaq istəyənlər tərəddüd etmədən Yengicəyə gələ bilər. Burada qiymətlər də münasibdi: iki nəfərlik istirahət və müalicə 70 manatdan başlayan qiymətlərlə həyata keçirilir.

5 ulduzlu oteldə 5 ulduzlu xidmət

Daha sonrakı dayanacağımız 5 ulduzlu “Qafqaz Sport” Oteli oldu. Burada otel rəhbərliyi, məsul şəxslərlə bölgənin turizm imkanları barədə geniş fikir mübadiləsi apardıq. Qəbələyə turist axınından məmnun olan idarəçilər, hədəflərinin daha böyük olduğunu, xarici bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində addımlar atıldığını ifadə etdilər.

Səfərimizin son günü 5 ulduzlu “Qafqaz Sport” Otelinin 5 ulduzlu xidmətindən sonra üz tutduq “Qafqaz Tufandağ” Otelə.

Buludların üzərindəki otel - “Tufandağ”

Artıq həyəcanımız tavandaydı desəm, yanlış olmaz. Çünki mən, eləcə də bir çox həmkarım ilk dəfə idi ki, “xizək şousuna” qatılacaqdı. Nəhayət son tanış olacağımız yerdə - “Qafqaz Tufandağ” Otelindəyik. Və burada xizək sürmək üçün lazım olan bütün dəsti götürdükdən sonra Kanata minərək yollanırıq dəniz səviyyəsində 1660 metr yüksəklikdə olan mərkəzə.

Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan, başqa sözlə, “buludların üzərində” yerləşən “Tufandağ” Oteli müasir infrastrukturu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir. Həqiqətən, “Tufandağ”a qalxan zaman sanki özünü buludların üzərində, səmaya daha yaxın hiss edirsən. Bu hissin anladılması zor, bunu sadəcə “Tufandağa” təşrif buyurmaqla yaşamaq olar...

2015-də istismara verilən bu otel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. “Tufandağ” Oteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini həyata keçirir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, otel (mehmanxana) və digər xidmətləri təklif edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda oteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.

Sərfəli Novruz təklifi

“Qafqaz” Otellərinin səlahiyyətli nümayəndəsinin sözlərinə görə, Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampaniyaya start veriblər. Artıq arzu edənlər 72 manatdan başlayan iki nəfərlik otaq qiymətləri ilə (gecələmə, səhər yeməyi, internet, spa və fitness qiymətə daxildir), 22-23-24 Mart tarixlərində isə 116 manatdan başlayan 2 nəfərlik otaq qiymətləri ilə (gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Programı - Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük Şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər. Burada hər kəsin cibinə uyğun istirahət etmək mümkündür. Hər halda təkcə yanvar ayında “Tufandağ”ın 10 mindən artıq turist qəbul etməsi buranın hər cibə uyğun xidmətinin göstəricisidir.

İnkişafa mühüm töhfə

Diqqətimi çəkən və sevinc hissi duyduğum məsələlərdən biri isə “Qafqaz” Otellərinin digər şəbəkələri kimi, “Tufandağ”da da gülərüz, mehriban, işini bilən, bir neçə dildə danışan kollektivin çalışması və insanlara maksimum xidmət göstərmək üçün əllərindən gələni əsirgəməməsidir. Bütün bu kollektivin yerli sakinlər olması isə daha təqdirəlayiq və alqışlanası haldır. Bu amil yerlərdə işsizliyin aradan qaldırılması, sürətli inkişaf üçün vacib məqamdır. “Qafqaz Otellər”ində 1000 nəfərdən artıq peşəkar kollektiv çalışır ki, bu da işsizliyin aradan qaldırılmasında, turizmin inkişafında alqışlanası haldır. Hələ-hələ qeyri-neft sektorunu inkişaf etdirmək istədiyimiz bir mərhələdə.

Qəbələ - turizmdə düzgün yol

Burada kifayət qədər yerli və xüsusilə xarici turistin olması turizm sahəsində Qəbələnin düzgün yolda irəliləməsini göstərir. Həmin əcnəbilərin istirahət üçün mənim ölkəmi - Qəbələni seçməsi isə çox sevindiricidir. Çünki turizm təkcə pul qazanmaq deyil, eyni zamanda əcnəbilərin Azərbaycanı seçməsi bizə dünyaya açılmağa, tanınmağa, inkişaf etməyə böyük töhfədir.

Bu, bir faktdır ki, artıq neft erası başa çatmaq üzrədir. Dünya dövlətləri ən yeni texnologiyalarla artıq neftdən asılılığı minimuma endirmək istiqamətində iş aparır. Neftin “moddan” düşdüyü bir vaxtda heç şübhə yox ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Qeyri-neft sektorunun ən faydalı və qısa zamanda gəlir gətirə bilən sahələri arasında isə ilk sıralardan birini turizm tutur. Azərbaycanınsa böyük turizm potensialı və bu sahəni inkişaf etdirmək üçün əla imkanları var. Həqiqətən, turizmdə Qəbələ fərqi özünü göstərir. Niyə bu imkanları daha geniş təbliğ edərək turist ölkəsi olmayaq?

Jurnalist xizək sürərsə...

Yaxşı ki həftəsonu Qəbələni seçmişəm. Çoxları üçün kanatla buludların üzərinə çıxmaq, aşağı əsrarəngiz mənzərəyə baxmaq adrenalinin pik həddi olsa da, mənim üçünsə ilk dəfə xizək sürmək əsl “şou”, adrenalinin həmin günkü tavan nöqtəsi idi. Xizəksürmə məkanına gələsən xizək sürüb yıxılmayasan, hər halda bu, “günah olar”. Jurnalistin xizək sürməsi də bundan artıq olmaz ki...

Aqil LƏTİFOV


Müəllif:

Oxşar xəbərlər