Ekspert: “Əzbərçiliyin qarşısı alınmalıdır”
TQDK-da bu il ali məktəblərə qəbulla bağlı test imtahanlarına cəlb olunacaq zal nəzarətçiləri üçün keçirilən seminar-məşğələlərində bildirilib ki, qəbul prosesində test suallarının formasında dəyişiklik ediləcək. Test suallarında abituriyentlərin biri-birilərindən köçürmə hallarının qarşısının alınması üçün variantlar ləğv ediləcək, hər tələbənin özünün ad-soyadı üzrə sual kitabçaları tərtib olunacaq.
Hər abituriyentin adına bir sual kitabçası
Bu məsələ haqda Məleykə Abbaszadə hələ ötən qəbul kampaniyası ilə bağlı ilin əvvəlində keçirdiyi mətbuat konfransında bildirmişdi. O, Azərbaycanda 2-3 ildən sonra yeni növ imtahanlara keçidin mümkün olacağını qeyd etmişdi, amma 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında hər sual kitabçasının üzərində hər abituriyentin ad və soyadı yazılacağını bildirmişdi.
Hər kitabçanın səhifəsində abituriyentin bar-kodunun qeyd olunduğunu deyən TQDK sədri 4 variantda olan bu kitabçaların gələcəkdə hər bir auditoriyada abituriyent sayından asılı olacağını söyləmişdi: “Auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça çap edəcəyik. Çünki hər bir kitabçada hər abituriyentə aid variant veriləcək”.
Qeyd edək ki, ötən ilə qədər abituriyentin sual kitabçası sıra nömrəsi və variant üzrə paylanır, kitabçada abituriyentin ad-soyadı qeyd olunurdu.
Məleykə Abbaszadə ötən ilki sınaq imtahanlarında bu təcrübənin tətbiq olunduğunu da qeyd etmişdi: “Sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilir. Bəzən bunu nəzarətçilər görmür. Yeni halda kitabçamın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb. Bunun ilk olaraq əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında şahidi olduq.
Misal olaraq, bu il əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edildi. Artıq köçürmə hallarının sayı azalır".
TQDK sədrinin sözlərinə görə, 2016-cı ildən keçirilən sınaq imtahanlarının nəticələri Təhsil Nazirliyinə əvvəlcədən təqdim olunacaq, nəticələr əsasında növbəti pillədə təhsilini davam etdirən təhsil alanların proqnozunun müəyyənləşdirilməsi və tələbə qəbulu planlarının tərtibi, həmçinin qəbulun nəticələri iki dövlət qurumunda birgə təhlil ediləcək.
TQDK-da müzakirələr aparılır
Ali məktəblərə qəbulla bağlı TQDK sədrinin ənənəvi olaraq hər ilin əvvəlində keçirdiyi mətbuat konfransı bu il nədənsə ləngiyir. Qurumdan verilən məlumatda bildirildi ki, hazırda test suallarında variantların ləğvi ilə bağlı edilən dəyişiklərlə əlaqədar müzakirələr aparılır.
Təhsil eksperti Nabatəli Qulamoğlu TQDK-dan atılan bu addımı müsbət dəyərləndirir. Onun fikrincə, test suallarında variantların saxlanması əzbərçi abituriyentlər üçün əlverişlidir: “Bu ildən sual tərtibatında variantların ləğv edilib, hər bir abituriyentin test kitabçasında düzgün cavabların yerinin dəyişik qeyd edilməsi təklif olunur. Bir abituriyentin sual kitabçasında eyni sualın düzgün cavabı “d” variantında qeyd edilirsə, digərində “c”də qeyd ediləcək. Bu yerdəyişmələr abituriyentin daha düzgün nəticə əldə etməsinə sövq edəcək. Məsələn, test sualında düzgün cavab B variantında “c”dədirsə, digər variantda düzgün cavabın yeri dəyişib “d”yə salınacaq. Hesab edirəm ki, bu addım köçürmə hallarının qarşısını almağa xeyli kömək edəcək”.
Əzbərçiliyə sövq edən suallar testdən çıxarılmalıdır
Ekspert bildirdi ki, hazırda təkcə test suallarının formasında yox, məzmununda da dəyişikliyə ehtiyac var: “Təhsil naziri çıxışında müəyyən qədər bu məsələyə toxundu. Abituriyenti əzbərçiliyə sövq edən testlər bütövlükdə test bankından çıxarılmalıdır. Mən Azərbaycan dili üzrə təsnifat aparmışam, hesablamama görə, test sualların üçdə ikisi əzbərçiliyə sövq edən testlərdir. Hesab edirəm ki, “sadə faktoloji”, “orta faktoloji” və “çətin faktoloji” test suallarının heç bir əhəmiyyəti yoxdur, çünki əksər hallarda heç bir il çəkmir ki, bu sualların cavabları məzunun yaddaşından silinir. TQDK-nın keçirdiyi monitorinqlərdə elmi əsaslarla bunları qeyd etmişəm və onlar da iradlarımı qeydə alıblar. Amma bilmirəm onlar bunu nəzərə alacaq ya, yox”
Testin məzmunu da dəyişməlidir
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov ANS-ə müsahibəsində bildirib ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik deyil. Nazirin sözlərinə görə, test imtahanlarının forması ilə məzmunu bir-birindən fərqlənlməlidir: “Bu imtahanın əsas üstünlüyü insan faktorundan asılılığın minimal olmasıdır. Qiymətləndirmə prosesi faktiki olaraq insan faktorundan asılı olmayaraq həyata keçirilir və bu, böyük üstünlükdür. Bununla Azərbaycan kontekstində obyektivlik təmin edilir".
Nazirin sözlərinə görə, digər tərəfdən imtahanın yığcam olması, bir gün ərzində təhsil proqramının məzmununun qiymətləndirilməsi də üstünlük sayılır, ancaq təbii olaraq gələcəkdə bu sahəyə yenidən baxılmalıdır: “Zəruri kompetensiyalar qiymətləndirmədə əks olunmalıdır. Nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən sualların olması daha yaxşı olardı”.
Təhsil naziri vurğulayıb ki, testin daha bir çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır: “O imtahan ildə bir dəfə keçirilir. İmtahan verənlərin oxu, yazı, fikri ifadə eləmək vərdişləri ilə bağlı imtahan sisteminin tətbiqi istiqamətində TQDK sədri Məleykə Abbaszadə ilə faydalı müzakirələr gedir. Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir.
3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz. Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir. Burda qorxulu şey yoxdur və həmin standartlar həyata keçirilməlidir. Sadəcə, belə bir qərar bir gün, ya bir il ərzində qəbul oluna bilməz”.
Sevil HİLALQIZI