Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafınaYardım Assosiasiyasının təşkilatçılığı ilə (AVCİYA) “Xocalı...Sərsəng...Davam edən soyqırım” adlı dəyirmi masa keçirilib.
Teleqraf.com-un məlumatına görə, dəyirmi masada millət vəkilləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri və gənclər iştirak ediblər.
Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımına həsr edilən qısametrajlı filmə baxış keçirilib.
AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov çıxış edərək, soyqırımı haqqında geniş məlumat verib. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı erməni kilsəsinin və siyasi partiyalarının 1905-ci ildən başlatdığı, daha sonra isə Ermənistan dövlətinin silahlı qüvvələrinin sistemli, davamlı şəkildə soyqırımı siyasətinin davamı kimi tarixə düşüb: “AVCİYA 12 illik fəaliyyəti ərzində məkirli qonşularımızın cinayətlərini ifşa etmək, xalqımızın haqq səsini beynəlxalq aləmə çatdırmaq istiqamətində bir sıra layihələr həyata keçirib. Ən böyük layihələrdən biri kimi “Xocalı soyqırımı:milyon imza-bir tələb” layihəsini qeyd etmək olar ki, məhz bu layihə çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı 1 milyon Azərbaycan vətəndaşının imzası toplanmış, 16 cildlik kitab nəşr edilib. Daha sonra kitab bir çox aparıcı ölkələrin milli kitabxanalarına, parlamentlərin kitabxanalarına, həmçinin dövlət arxiv idarələrinə və Haaqa Məhkəməsinə göndərilib”.
AVCİYA rəhbəri, deputat Elxan Süleymanov bildirib ki, Sərsəng su anbarının 22 ildən çoxdur, Ermənistanın işğalı altında olması Azərbaycana və azərbaycanlılara qarşı soyqırımıdır: “Bu yaxınlarda Sərsəng su anbarı ilə bağlı Avropa Şurasında qəbul edilən qətnamə bir daha Ermənistanın işğalçı olmasını təsdiqlədi. Xocalı soyqırımı, Sərsəng su anbarı ilə bağlı baş verənlər bizi bir daha səsləyir ki, torpaqlarımızı işğaldan azad edək”.
E.Süleymanov qeyd edib ki, BMT-də və Avropa Şurasında qəbul edilən qətnamələr problemin Dağlıq Qarabağ münaqişəsi yox, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ münaqişəsi adlandırılmasına əsas verir: “Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında dinlənilən məruzələrdə də bu, bir daha vurğulandı. Məruzədə bütün deyilənlər tamamilə haqlı fikirlər idi”.
Daha sonra çıxış edənlər Ermənistanın işğalçı və soyqırımı siyasətinin beynəlxalq təşkilatlarda tanıdılmasının əhəmiyyətindən, işğal olunmuş torpaqlarımızda Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquqi təsnifatından bəhs ediblər.
Sonda Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafınaYardım Assosiasiyasının Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında qalan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlanıb.
BƏXTİYAR