“Çox gözəl təklifdir. Bizim büdcəmiz də məlumdur, çəkdiyimiz filmlər də...”
Teleqraf.com xəbər verir ki, bu sözləri “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Hesablama Palatasının kino sahəsində fəaliyyətlə bağlı Milli Məclisə təkliflər paketi təqdim etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, yerində atılmış addımdır: “Təkliflərdə rejissorların, ssenaristlərin qonorarı məsələləri barədə məlumat yer alır. Hamı da bilir ki, bizdə rejissorlara, ssenaristlərə ödənilən qonorar dünyada qəbul edilmiş qonorar həcmində deyil. Hesablama Palatasının bu məsələni qaldırması çox yerində addımdır. Biz yaxın gələcəkdə qəbul edilməsi gözlənilən kino haqqında qanunda yer alan normativ sənədlər bölməsində bu təkliflərdən istifadə edəcəyik”.
Hesablama Palatası qeyd edir ki, hazırda kinofilmlərin istehsalı zamanı ədəbi ssenarilərin yazılması və orijinal musiqinin bəstələnməsinə görə ödənilən müəllif qonorarının, quruluşçu heyətə və çəkiliş qrupuna ödənilən əmək haqqının qeyd olunan Qaydaların tələbləri ilə uyğunsuz təşkil etməsi, bu Qaydalarda xaricdən cəlb olunmuş kino mütəxəssislərinin (rejissor, operator və s.) əməyinin ödənilməsinin tənzimlənməsi məsələsinin nəzərdə tutulmaması, dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən edilməməsi və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və ümumiyyətlə kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, xərclərin uçotunun düzgün qurulmasına mənfi təsir göstərir. Palatanın təkliflərində dövlət sifarişi ilə çəkiləcək filmlərin seçilməsi meyarlarının müəyyən edilməsi və maliyyələşdirmə qaydalarının təsdiq edilməsi, bütün növ filmlərin (bədii, sənədli, cizgi) ssenariləri üzrə standartların (səhifənin sayı, mətnin formatı və s.) müəyyən edilməsi, filmlərin smeta xərclərinin tərtibini, xərclərin siyahısının təsdiqi və ona nəzarət mexanizminin yaradılması, filmlərin keyfiyyətinin artırılması və stimullaşdırılması məqsədilə filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçirilməsi və s. Kimi məsələlər yer alır.
Nərmin